ABŞ-da kinoteatra hücum edən şəxs həbs edilib
21 İyul 2012 Şənbə 10:16
Barak Obama hadisə ilə bağlı bəyanatla çıxış edib.
ABŞ-ın Denver şəhərində Betmen haqqında "Qara cəngavər: Əfsanənin dirçəlişi" adlı filmin premyerasında baş vermiş silahlı hücum filmin bütün kinoteatrlarda, həmçinin Avropa kinoteatrlarında yayımının dayandırılmasına səbəb olub. Filmin istehsalçısı Uorner Brazerz belə bir qərara gəlib.
Xatırladaq ki, ötən gün "O`rora" kinoteatrında film başladıqdan bir neçə dəqiqə sonra bir nəfər silahlı şəxsin tamaşaçılara atəş açması 12 nəfərin ölümü və 59-a yaxın insanın yaralanması ilə nəticələnmişdi. Polisin məlumatına görə, atəş açan şəxsi yaxalamaq mümkün olub. Onun təxminən 20 yaşında gənc oğlan olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparan Federal Tədqiqatlar Bürosunun xəfiyyələri hələlik cinayətkarın heç bir silahlı qruplaşmaya üzv olmadığını bildiriblər.
Hadisə ilə bağlı çıxış edən prezident Barak Obama baş verənlərə görə təəssüf hissi keçirdiyini bildirib.
"İnsanların bir-birilərini öldürməsini heç vaxt anlamaq olmur. Bu cür zorakılıqlar ağılsızlıqdır. Bunların baş vermə səbəbini bilməsək də, həyatı yaşamağa dəyər edən şeylərin nə olduğunu yaxşı bilirik. "Orora"da itirdiyimiz insanlar həm sevən, həm də sevilən insanlar idilər. Onların gələcəklə bağlı arzuları var idi. Bu faciədən bunu nəticə çıxarmaq olar ki, həyat çox kövrəkdir. Ümidvaram ki, hamı burada həyatını itirən insanların xatirəsini ürəklərində yaşadacaq. Allah hamımızı, Amerikanı qorusun deyə. Obama sözlərini ifadə edib", - deyə Barak Obama bildirib.
Onu qeyd edək ki, Birləşmiş Ştatlarda çoxlu sayda insanın ölümü ilə nəticələnən sonucu oxşar hadisə 2007-ci ildə Virciniya ştatında baş verib. Həmin il Texniki Universitetinin tələbə düşərgəsində baş vermiş silahlı hücum zamanı 32 nəfər öldürülmüşdü.
DOSTLARINLA PAYLAŞ: