Amerika Birləşmiş Ştatlarında (ABŞ) baş verən güclü tornado 3 nəfərin ölümünə, 20 nəfərin xəsarət almasına səbəb olub. Təbii fəlakətdən əsasən, Amerikanın Arkanzas ştatı ziyan çəkib. Təbiət hadisəsinin nəticələri barədə isə ziddiyyətli xəbərlər yayılır. «Associated press» agentliyinin məlumatına görə, qasırğa nəticəsində xəsarət alanların sayı 30-a çatıb. Onların ciddi zədələr aldığı bildirilir.
Artıq ştatın bəzi ərazilərində sakinlərin evakuasiyasına başlanılıb. Qasırğa həmçinin 100-dən çox evə ciddi ziyan vurub. Qasırğadan zərər görən binalar arasında dairə məhkəməsinin binası da var. Hadisə yerinə kömək üçün hərbi qüvvələr cəlb olunub. Tornado həmçinin Arkanzas ştatının bəzi ərazilərində qaz və işıq təchizatında fasilələrin yaranmasına səbəb olub. Tornadonun həmçinin meşə yanğınlarının şidddətlənməsinə də səbəb olduğu bildirilir. Təbii fəlakət nəticəsində Alabama, Kentuki, Missisippi və Tennessi ştatında güclü küləklər əsib. /ANS TV/