ABŞ-da daha bir terror xofu
10 Sentyabr 2011 Şənbə 21:56
Birləşmiş Ştatlarda 11 sentyabr ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilir.
Sabah Amerika Birləşmiş Ştatlarında 11 sentyabr hadisələrinin 10-cu ildönümüdür. Bu günlərdə yeni terror təhlükəsi ilə üzləşməkdən ehtiyatlanan Amerika hökuməti xüsusi xidmət orqanlarına tapşırıqlar verib.
11 sentyabr hadisələrinin ildönümü yaxınlaşdıqca, ABŞ-da terror təhlükəsi ilə bağlı həyəcan artır. ABŞ məxfi orqanları “Dünya Ticarət Mərkəzi” binalarının partlayışının 10-cu ildönümündə ölkədə yeni terror təhlükəsinin olduğunu ehtimal edir. Məlumatlarda terror aktlarının Nyu-York, yaxud Vaşinqtonun nəqliyyatla sıx olan strateji ərazilərində ola biləcəyi deyilir.
Hücumun “Əl-Qaidə” və yaxud ona yaxın olan digər bir terrorçu qruplaşması tərəfindən həyata keçiriləcəyi fərz olunur. Nyu-York meri Maykl Blumberq içtimai nəqliyyatda təhlükəsizliyin artırılacağını bildirib. Mer sakinləri şəhərin mümkün terror təhlükəsinə tam hazır olduğuna əmin etmək üçün yeraltı qatara minib. Merin sözlərinə görə, Nyu-Yorklular öz şəhərlərindəki təhlükəyə artıq alışıblar və sadəcə həyatlarına davam edirlər.
ABŞ prezidenti Barak Obama isə xüsusi xidmət orqanlarını “fəaliyyətlərini ikiqat artırmağa” çağırıb. ABŞ kəşfiyyat orqanlarından KİV-ə verilən məlumata əsasən, təkcə ötən ay Birləşmiş Ştatların təhlükəsizlik əməkdaşları 11 sentaybr hadisələrinin ildönümündə terror aksiyası həyata keçirmək istəyən ikisi Amerika vətəndaşı olmaqla 3 nəfər şəxsi saxlayıb.
ABŞ-ın dövlət katibi Hilari Klinton da Nyu-York Ədliyyə İnstitutunun binasında 11 sentyabr hadisələri ilə bağlı çıxış edib. O, ölkəsinin “Əl-Qaidə” kimi terror qruplaşmalarına qarşı hərbi qüvvə tətbiqi siyasətini bir daha dəstəkləyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: