ABŞ-da 11 sentyabr memorialı hazırlanıb
08 Sentyabr 2011 Cümə Axşamı 11:35
2 hovuzdan ibarət kompleks terror aktı qurbanları ilə xilas olunanlar arasında əlaqəni təcəssüm etdirir
Amerika Birləşmiş Ştatlarında 11 sentyabr terror aktının 10-cu ildönümü münasibətilə Dünya Ticarət Mərkəzinin yerlə-yeksan olduğu "sıfır nöqtəsi"ndə memorial açılacaq. "11 sentyabr xatirə muzeyi" iki nəhəng hovuzdan ibarətdir. Memorialın inşasına 2006-cı ildə başlanıb. Hovuzların dizaynı terror aktında ölənlərlə xilas olanlar arasındakı əlaqəni təcəssüm etdirir. Hovuzun kənarlarındakı mərmərdə terror aktı qurbanlarının adları həkk olunub. Memorial kompleksdə əkilmiş ağaclar isə yenidən doğuluşu və ümidi simvolizə edir. Hovuzun mərkəzindəki boşluqlar isə dağılmış qoşa qüllələrin təməlini təcəssüm etdirir.

Layihə çərçivəsində muzeyin ətrafında 7 bina inşa ediləcək. Terror aktı zamanı dağılmış qoşa qüllələrin yerində inşa edilən yeni Dünya Ticarət Mərkəzi binalarının isə 2016-cı ildə tamamlanması nəzərdə tutulur. Ticarət Mərkəzi-1 adlı binanın 541 metr hündürlüyündə olacağı və 2013-cü ildə hazır olacağı bildirilir.

Paytaxt Vaşinqtonda isə 11 sentyabr hadisələrinin ildönümü münasibətilə qoşa qüllələrin dağıntıları altından çıxarılmış əşyaların sərgisi açılıb. "Terrorla mübarizə: FTB-nin yeni missiyası" adlı sərgidə Dünya Ticarət Mərkəzinə çırpılan təyyarələrdən hissəciklər və terror qurbanlarına aid şəxsi əşyaların da daxil olduğu 60-dan çox nümunə yer alır. Terror aktını həyata keçirən terrorçuların şəkilləri və şəxsiyyət vəsiqələrinin sürətləri də nümayiş olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar