ABŞ-da 100-dən çox “WikiLeaks” tərəfdarı saxlanılıb
17 Dekabr 2010 Cümə 10:50
Saxlanılanlar 100 dollar cərimə ödədikdən sonra sərbəst buraxılıblar
ABŞ-da Ağ ev qarşısında keçirilən müharibə əleyhinə nümayiş zamanı 100-dən çox insan saxlanılıb. ANS PRESS-in CNN-ə istinadən verdiyi xəbərə görə, ümumilikdə nümayiş dinc şəraitdə keçib.

Lakin polis nümayişçilərdən ərazini tərk etməyi tələb etdikdə isə, bəziləri buna tabe olmaqdan boyun qaçırıb. Nəticədə onlardan 131 nəfəri saxlanılıb. Saxlanılanların hər biri 100 dollar cərimə ödəməli olub.

Məlumata görə, nümayişçilər Amerika diplomatlarının gizli yazışmaları, həmçinin İraq və Əfqanıstanda aparılan müharibələrə dair sənədləri nəşr edən “WikiLeaks” saytının təsisçisi Culian Assanca da dəstək ifadə ediblər.

Saxlanılanlar arasında 1970-ci illərin əvvəllərində “The New York Times” qəzetinə “Pentaqonun sənədləri”ni verən keçmiş hərbi analitik Daniel Ellsberq də olub. O zaman sözügedən materiallar ABŞ prezidenti Lindon Conson administrasiyasının Vyetnamda müharibənin böyüməsinə nail olduğunu sübut edirdi. Ellsberqi “WikiLeaks” layihəsinin ruhlandırıcılarından biri hesab edirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar