BMT baş katibi Pan Gi Munun ABŞ-ın ünvanına söylədiyi tənqidi ifadələr Birləşmiş Ştatların bu nüfuzlu beynəlxalq təşkilatdan çıxması ilə nəticələnə bilər.
APA-nın məlumatına görə, hazırda ABŞ_ın BMT-yə 1 milyard dollar üzvlük haqqı borcu var və baş katib bu borcun sürətlə artdığını deyib. Dünən BMT baş katibi bağlı qapılar arxasında Konqresin Nümayəndələr Palatasının xarici işlər komitəsinin deputatları ilə görüş keçirib. Görüşdə beynəlxalq problemlər, o cümlədən Sudan və Somalidə vəziyyət, qlobal iqlim dəyişiklikləri müzakirə olunub. Baş katib BMT-nin büdcəsi və üzvlük haqqının ödənilməməsi barədə də danışıb. Qeyd edək ki, BMT üzvü olan ölkələr üç növ maliyyə öhdəliyinə sahibdirlər – büdcəyə üzvlük haqlarının ödənilməsi, sülhməramlı əməliyyatlar və beynəlxalq tribunallarının saxlanması xərclərinin ödənilməsi. BMT-nin maliyyə qaydalarına əsasən, ötən il üçün üzvlük haqları yanvarın 31-dək ödənilib qurtarmalıdır. Mart ayına kimi yalnız 43 ölkə, o cümlədən Azərbaycan büdcəyə üzvlük haqlarını ödəyiblər. Pan Gi Mun konqresmenlərə bildirib ki, ABŞ-ın 1 milyard dollar üzvlük haqqı borcu var və bu pul ödənməsə BMT normal fəaliyyət göstərə bilməyəcək. O ABŞ-ın BMT-nin xərclərinin 22 faizini öz üzərinə götürdüyü xatırladıb. Qeyd edək ki, BMT-nin illik büdcəsi 4,86 milyard dollardır. Pan Gi Mun ABŞ-ın borcunun tezliklə 1,6 milyard dollara çatacağını bildirib. Ekspertlər bu münaqişənin ABŞ-ın BMT-dən çıxması ilə nəticələnəcəyi ehtimalını istisna etmirlər.