ABŞ bir daha Yəməndə hakimiyyətin təhvilinə çağırıb
07 İyun 2011 Çərşənbə Axşamı 10:55
Yəmən müxalifəti isə prezidentin ölkəyə qayıtmasına yol verməyəcəyini deyib
ABŞ dövlət katibi Hillari Klinton Yəməndə hakimiyyətin dinc və sakit təhvilinə çağırıb. Hillari Klinton bildirib ki, Yəməndə hakimiyyətin konstitusiyaya uyğun qeyri-zorakı təhvili həyata keçirilməlidir.

«Biz prezident Əli Abdulla Salehin hazırda Səudiyyə Ərəbistanında tibbi müayinə aldığını bilirik. Yəməndə mülki hökumət hakimiyyətdə qalır. Vitse-prezident hazırda prezidentin səlahiyyətlərini icra edir. Bizim səfirimiz və oradakı səfirlik nümayəndələrimiz Yəmən rəsmiləri, eləcə də mülki cəmiyyətlə görüşləri davam etdirir. Aydındır ki, mən prezident Salehin nə etməyə və ya deməyə hazırlaşdığını təxmin edə bilmərəm.Ancaq biz hakimiyyətin dinc və konstitusiyaya müvafiq qaydada təhvlinə çağırırıq.»-sitatin sonu.

Yəmən prezidentinin ölkədən getməsini bayram edənlər isə paytaxt Sənanın mərkəzi meydanını hələ də tərk etməyiblər. Onlar yüzlərlə nümayişçinin öldürülməsinə görə Əli Abdulla Salehin məsuliyyətə cəlb olunmasına çağırıblar.

Yəmən müxalifəti isə prezidentin ölkəyə qayıtmasının qarşısını almaq üçün hər şeyi edəcəyini deyib. Yəmənin müxalifət liderlərinin sözlərinə görə prezident sarayına hücum Əli Abdulla Salehin təkcə müxalifət deyil, onun ətrafında olan insanlar tərəfindən də artıq arzu edilmədiyinə işarədir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar