ABŞ Bəşər Əsədi bir daha hakimiyyətdən getməyə çağırıb
03 Noyabr 2011 Cümə Axşamı 15:25
Suriya rəhbərliyi isə tankları küçələrdən geri çəkməyə və müxalifətlə danışıqlara razılıq verib.
Amerika Birləşmiş Ştatları hökuməti bir daha Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməli olduğunu bəyan edib. Ağ ev rəsmisi Jey Karni Bəşər Əsədin ölkənin idarəsi ilə bağlı qanuni hüququnu itirdiyi və bu səbəbdən vəzifədən getməli olduğu barədə bəyanat verib. Jey Karni eyni zamanda Suriyada mövcud rejimi xalqa qarşı zorakılıqdan çəkindirəcək bütün cəhdləri dəstəkləyəcəklərini bildirib.
Suriya rəhbərliyi isə ölkədəki zorakılığa son qoymaq barədə təklifi qəbul edib. Ərəb Ölkələri Liqasının xarici işlər nazirləri Misirin paytaxtı Qahirədə keçirilən iclasda bu açıqlama ilə çıxış edib. Onların sözlərinə görə, Bəşər Əsəd hökümətinin razılaşdığı təklifdə 2 həftə ərzində Suriya hərbi qüvvələrinin və tankların Homs və digər şəhərlərdən çıxarılması, etiraz aksiyaları zamanı zorakılıq hallarına yol verilməməsi, siyasi məhbusların azad edilməsi, ölkə müxalifəti ilə dialoqun başlaması kimi şərtlər öz əksini tapıb. Suriya höküməti eyni zamanda beynəlxalq jurnalistlərin, hüquq müdafiəçilərinin və Ərəb Ölkələri Liqasının monitorinq qrupunun ölkə ərazisində sərbəst şəkildə fəaliyyətinə razılıq verib. Siyasi şərhçilər bu uğurlu təklif planının Suriyada martdan bəri davam edən siyasi böhrana son qoyacağına ümid edir.
DOSTLARINLA PAYLAŞ: