Abort haqqında qanun qadınları hiddətləndirib
14 İyul 2013 Bazar 14:00
2 minə yaxın insan Kapitoli binasına doluşub.
ABŞ-ın Texas ştatında respublikaçıların qəbul etdiyi abort haqqında qanun böyük qalmaqala səbəb olub. Senatorların gecə ilə lehinə səs verdiyi qanun layihəsində abort qaydalarının sərtəşdirilməsi nəzərdə tutulur.

Qanun təsdiqini taparsa, ştatın əksər özəl klinik mərkəzləri bağlanma təhlükəsi ilə üz-üzə qalacaq. Qanun layihəsinə etiraz olaraq, Austin şəhərində 2 minə yaxın insan Kapitoli binasına doluşub. 6 etirazçı qanunla bağlı müzakirələrə müdaxilə etməyə çalışsa da, sonradan senat palatasından kənarlaşdırılıb. Kapitolidə etirazçılar “Texas qadınlarını qəzəbləndirməyin” şüarlı plakatlar nümayiş etdirib. Qalmaqallı qanun layihəsi səsə qoyulduqdan sonra, bir senatordan başqa bütün demokratlar onun əleyhinə səs versələr də, üstünlük təşkil edən respublikaçılar onu qəbul edib. Qanun layihəsinin qüvvəyə minməsi üçün qubernator Rik Perrinin yaxın bir neçə gün ərzində onu imzalayacağı gözlənilir.

Respublikaçı senator Donna Kempel bildirib ki, qanun layihəsi abort həyata keçirən həkimlərin qadınlara qarşı daha məsuliyyətli və hesabatlı olmasına şərait yaradacaq. Qanuna görə, hamiləliyin 20-ci həftəsindən sonra abort əməliyyatları qadağan olunur, üstəlik həkimlər abortu həyata keçirmək üçün yaxınlıqda yerləşən xəstəxanalardan bunun üçün müvafiq icazələr almalı, bütün abortlar isə yalnız cərrahi şöbələrdə həyata keçirilməli olacaq. Hazırda Texasda abort əməliyyatları həyata keçirən 42 abort klinikasından yalnız beşi cərrahi baxımdan yeni qanunun tələblərinə cavab verir. Demokratlar qalmaqallı qanun layihəsinə ümumilikdə 20 dəyişiklik təklif etsələr də, habelə respublikaçılar təkliflərin heç birini qəbul etməyib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar