Abidə və istehza
20 Dekabr 2009 Bazar 15:30
Abidə və istehza. Kutaisidəki hadisənin arxasında nələr durur?
Gürcüstanın Kutaisi şəhərində baş vermiş faciə gürcü-rus münasibətlərində mövcud ziddiyyətlərin yenidən qabarmasına səbəb olub. 25 il əvvəl Kutaisidə Böyük Vətən Müharibəsində qəhrəmancasına döyüşən əsgərlərin xatirəsinə ucaldılmış memorialın partladılması aləmi bir-birinə qatdı. Rusiya tərəfi bu olaya istehza ilə yanaşmaqla yanaşı faciəni Gürcüstan prezidenti Mixail Saakaşvilinin əleyhinə istifadə etməyə çalışır. Hər halda Rusiya rəsmilərinin olayı şişirtməsi belə düşünməyə əsas verir. Onların istehza dolu bəyanatları ilə paralel olaraq gürcü müxalifətinin də bu olayı şişirtməklə siyasi dividendlər qazanmaq cəhdləri Gürcüstan və Rusiyadakı anti-Saakaşvili qüvvələrinin sanki düşünülmüş plan əsasında hərəkət etdiyinə dəlalət edir.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi abidənin dağıdılmasını dünyanı faşizmdən xilas edən şəxslərə qarşı hörmətsizlik adlandırıb. Gürcü müxalifətçiləri isə memorialın partladılmasını vəhşilik adlandırıblar.

Gürcüstan Prokurorluğunun yaydığı bəyanata görə, abidənin partladılması işi həvalə edilən "Sakpetkmretsvi" şirkətinin 10 əməkdaşı artıq saxlanılıb. Saxlanılanları adları hələlik açıqlanmır. İlkin məlumata görə, partlayış zamanı nəzərdə tutulduğundan çox partlayıcı maddədən istifadə olunub.

Lakin prezident Mixail Saakaşvili də sakit oturmur. Kopanhagen səfərini yarımçıq qoyan Saakaşvili vətəninə dönən kimi İmereti regionunun qubernatoru Mixail Çoqovadzeni vəzifəsindən uzaqlaşdırıb. Bəzi ekspertlər Kutaisidəki hadisənin təxribat olduğunu düşünür. Lakin bu ehtimal bir qədər şübhəli görünür. Böyük kompleksin partladılması zamanı bir qadının və uşağın həlak olması təsadüf nəticəsində də baş verə bilərdi. Necə ki, Permdəki gecə klubunda 100-dən çox adamın həlak olması.

Kutaisidəki olayın baş vermə səbəblərinin təhlükəsizlik qaydalarına riayət olunmaması, yaxud da başqa məsələlərlə bağlı olmasını istintaq müəyyən edəcək.

Əgər Kremldəki şəxslər abidənin partladılmasını faşist Almaniyasına qarşı döyüşənlərin xatirəsinə hörmətsizlik kimi qələmə verməklə yaşlı nəslin hissləri ilə oynamaq və bundan Saakaşvili hakimiyyətinin Qərb ideologiyasına zərbə vurmaq məqsədi güdürsə, gürcü müxalifəti sadəcə prezidentin imicinə mümkün qədər çox zərbə vurmaq istəyir. Ancaq prinsip etibari ilə həm Kremlin, həm də gürcü müxalifətinin maraqları üst-üstə düşür və bu, danılmaz fakt kimi qalmaqdadır.

İndi növbə Saakaşvilinindir. Gürcüstan prezidenti ilk addımlarını artıq atıb. Onun önəmli səfəri yarımçıq qoyaraq Gürcüstana qayıtması və İmereti qubernatorunu dərhal işdən çıxarması şübhəsiz ki, vacib gedişlərdi. Bununla da o, gürcü cəmiyyətinə göstərdi ki, bu cür məsələlərə həssas yanaşır. Eyni zamanda bu işin arxasında təxribat xarakterli planların dayandığına işarə etdi. Lakin bu, kifayət deyil. Müxalifətin tənqidlərinin böyük problemə çevrilməməsi üçün Saakaşvili əlavə gedişlər etmək məcburiyyətindədir. Bunun nədən ibarət olduğunu isə Gürcüstan prezidentinin administrasiyasında daha yaxşı bilirlər... ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar