Abdullah Gül: Suriya prezidentinə artıq etimadımız qalmayıb
23 Noyabr 2011 Çərşənbə 11:48
Türkiyə prezidenti Londonda BBC telekanalına müsahibəsində Suriyadakı vəziyyəti dəyərləndirib.
Böyük Britaniyada səfərdə olan Türkiyə prezidenti Abdullah Gül yerli BBC telekanalına müsahibə verib. Müsahibədə son zamanların qaynar mövzularından olan Suriyadakı vəziyyət müzakirə edilib. Türkiyə prezidenti regionda xoşbəxt, güclü və dirçəlmiş bir Suriya görmək istədiklərini bildirib. O, Suriyanın daxili işlərinə qarışmaq istəmədiklərini, lakin vəziyyətlə bağlı səssiz də qalmayacaqlarını deyib.

"Suriya bizim qonşumuzdur və tarixi əlaqələrimiz var, ancaq indiki zamanda bir şey aydındır ki, avtoritar rejimlər və vahid partiyalı hökumətlər artıq qəbul edilmir, xüsusilə də həmin ölkələrin öz xalqları tərəfindən, sonra da region və dünya tərəfindən. Bilavasitə, lazımi islahatların həyata keçirilməsinə ehtiyac var. Suriyada dəyişikliklərin edilməsi lazımdır" - Abdullah Gül belə deyib.

Abdullah Gül həmçinin bildirib ki, Suriya prezidenti Bəşər Əsədin öz ölkəsində islahatlar istiqamətində addımlar atmamasına görə artıq ona heç bir etimadı qalmayıb. BBC müxbirinin "Bəşər Əsədin istefasını istəyirsinizmi?" sualına cavabında isə Türkiyənin dövlət başçısı "bir nəfərin və dövlət başıçısının dəyişdirilməsi deyil, rejim və idarəetmə dəyişikliyinin lazım olduğunu" bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar