ABB-nin aktivləri 9 faiz artıb
09 Fevral 2011 Çərşənbə 16:30
Ötən il Azərbaycan Beynəlxalq Bankının aktivləri 5,527 milyard manat təşkil edib
Ötən il Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri 455,9 milyon manat və ya 9,1 faiz artaraq 5,527 milyard manat olub. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ötən il ərzində bankın kredit portfeli 151,2 milyon manat və ya 3,8 faiz azalaraq 3,761 milyard manat təşkil edib. Bu müddət ərzində bankın kredit strukturunda 374,62 milyon manat fiziki şəxslərin payına düşüb ki, ilin əvvəlində bu rəqəm 335,46 milyon manat olub.
Bu ilin 1 yanvar tarixi üçün bankın öhdəlikləri 422,4 milyon manat və ya 9,5 faiz artaraq 4,862 milyard manat olub. İlin əvvəli üçün bankın müştəri depozitləri 296,8 milyon manat və ya 17,7 faiz artaraq 1,972 milyard manat təşkil edib. Bundan 521,75 milyon manat əhalinin müddətli kreditləridir (+150,9 milyon manat).
Bankın balans kapitalı 33,22 milyon manat və ya 5,3 faiz artaraq 665,51 milyon manata çatıb. Bu müddət ərzində bankın məcmu kapital 10,04 milyon manat genişlənərək 509,03 milyon manat olub. Ödənilmiş nizamnamə fondu 240 milyon manat səviyyəsində qalıb.
Ötən il ərzində bankın gəlirləri 99,21 milyon manat, xərcləri 63,96 milyon manat olub. Bankın xalis mənfəət isə 60 faiz azalaraq 35,25 milyon manat təşkil edib
Bu müddət ərzində bankın aktiv plastik kartlarının sayı 1 762 029 ədəd, fəaliyyət göstərən bankomatlarin sayı 605, fəaliyyət göstərən pos-terminalların sayı isə 2 932 ədədir.
Qeyd edək ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2 faiz təşkil edir. Səhmlərin qalan 40 faizi xüsusi mülkiyyətdədir, 10 faizi isə bankın əmək kollektivinə məxsusdur.
DOSTLARINLA PAYLAŞ: