91 yaşlı qocaya 90 il iş kəsildi
16 İyul 2013 Çərşənbə Axşamı 08:58
İslam partiyasının lideri insanlığa qarşı cinayətdə ittiham edilir.
Banqladeşdə İslam partiyasının 91 yaşlı keçmiş lideri, məhkəmənin qərarı ilə insanlığa qarşı cinayətlərə görə 90 il azadlıqdan məhrum edilib. Hakim heyətin çıxardığı hökm həm tərəfdarlar həm də əlehdarları tərəfindən hiddətlə qarşılanıb. Tərəfdarları qərarın siyasi motivli olduğunu iddia etdiyi halda, əleyhdarları məhkəmə qərarının yumşaqlığından gileylənərək, onun edam olunmağa layiq olduğunu deyiblər.
Hökm Dəkkə şəhərində yerləşən Beynəlxalq Cinayətlər Tribunalında 3 hakimdən ibarət xüsusi tribunal tərəfindən oxunub. Tribunalda oxunan hökmdə, hakim heyəti Qulam Əzamın əslində ölüm cəzasına layiq olduğunu təsdiq etsə də, yaşının çox olması və səhhəti ilə əlaqədar ona həbs cəzası verildiyini bildirib. Hökm oxunan zamanda 91 yaşlı Əzam məhkəmə zalında olub, binanın həyətində isə etirazçılar nümayiş keçirərək, onun edam olunmasını tələb edib.
Qeyd edək ki, Qulam Əzam Bənqladeşin istiqlal müharibəsi zamanı Cammati İslami partiyasına rəhbərlik edib və onun partiyasının müharibə dönəmlərində Pakistan ordusu ilə əməkdaşlıq etdiyi iddia olunur. Banqladeşin iddiasına əsasən, Pakistan ordusu müharibə ərzində 3 milyona yaxın insanı qətlə yetirmiş , 200 mindən çox qadını cinsi zorakılığa məruz qoyub. 10 milyona yaxın insan isə qaçqın və məcburi köçkün düşüb.
DOSTLARINLA PAYLAŞ: