907-ci düzəlişi ləğv etmək mümkündür
19 May 2009 Çərşənbə Axşamı 10:35
ABŞ Nümayəndələr Palatasının sabiq spikeri Robert Livinqstonun APA-nın ABŞ bürosuna müsahibəsi
Qısa arayış. Robert Livinqston 1977-1999-ci illər ərzində Konqresin Nümayəndələr Palatasının üzvü olub. 1998-ci ildə Təsisatlar Komitəsinin sədri qismində Azadlıq Aktına Dəstək qanunun 907-ci düzəlişinin ləğv olunması üzrə təşəbbüslə çıxış edib və rəhbərlik etdiyi komitə səviyyəsində onun ləğv olunmasına nail olub. Daha sonra 907-ci düzəlişin aradan götürülməsi üzrə Nümayəndələr Palatasında keçirilən səsvermədə erməni lobbisinin təzyiqi ilə düzəlişin tam ləğv olunması mümkün olmayıb.
- Həm prezident Obama, həm də dövlət katibi Hillari Klinton bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına dəstəyini artıracaqlar. Bu adı çəkilən münaqişənin həllinə necə təsir göstərə bilər?
- Yaxın günlərdə Misir prezidenti Hüsnü Mübarək ABŞ-a gəlir və ABŞ prezidenti Obamanın Misirə səfəri gözlənilir. Cənab Obama orada müsəlman dünyasına müraciət edəcək. Mənə elə gəlir ki, prezident Obama Xəzər hövzəsindən başlayaraq bütün regiona təsir edən məsələlər barədə tam aydın təəssürata malikdir. Əgər belədirsə, o bilməlidir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli regionda problemlərin çözülməsinin özəyidir. Türkiyə bir müddətdir Ermənistanla danışıqlar aparır. Türkiyənin baş naziri Ərdoğan Azərbaycanda bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, Ermənistanla sərhədlər açılmayacaq. Boru kəmərlərinə görə bu məsələ Avropa üçün əhəmiyyətlidir. Bu münaqişə İran və digər problemli ərazilərin yaxınlığına görə də dünya üçün əhəmiyyətlidir. Misirdə prezident Obamanın müsəlman dünyasına müraciəti çox əhatəli olacaq. Bu çıxışın əsas komponentlərindən biri də Dağlıq Qarabağ münaqişəsi olacaq.
- 1998-ci ildə Sizin Azadlıq Aktına Dəstək qanununa 907-ci düzəlişi ləğv etmək təşəbbüsünüzün reallaşması son anda mümkün olmadı. Necə bilirsiniz, bu gün demokratların nəzarət etdiyi Konqresdə həmin düzəlişi ləğv etmək şansı var?
- Dediyiniz düzəliş ədalətsiz düzəlişdir. 907-ci bənd 1992-ci ildə Con Kerri tərəfindən bir gecə ərzində qanuna əlavə edilib. O vaxt heç kim buna fikir vermədi və yoxlamadı. Adı çəkilən düzəliş yeganə belə bir düzəlişdir və indiyədək ABŞ-ın heç bir dostuna və ya ölkənin düşməninə qarşı qəbul olunmayıb. Bir daha deyim ki, bu, Amerikanın xarici siyasətində yeganə belə bir düzəlişdir. Bizim Müdafiə Nazirliyində hamı deyir ki, bu düzəliş ləğv olunmalıdır. Dövlət Departamentində də bir çox insanlar bu ideyanı dəstəkləyir. Lakin Konqresin hər iki palatasında çoxluq təşkil edən demokratların iradəsinin ortaya qoyulması iş tələb edir. Erməni lobbisinin buna qarşı daim işləməsini nəzərə alaraq, mübarizə artan xətlə inkişaf edir. Lakin onu ləğv etmək mümkündür.
- İndi Con Kerrinin nüfuzlu Xarici Əlaqələr Komitəsinin rəhbəri olduğunu nəzərə alsaq, bunu etmək çətin olmayacaq?
- Cənab Kerrinin rolu indi fərqlidir. O Senatın Xarici Əlaqələr Komitəsinin sədridir və gərək daha məsuliyyətli olsun. Onun işi Amerikanın maraqlarını qorumaqdır. 907-ci düzəlişin ləğvi təkcə Azərbaycanın deyil, ABŞ-ın da milli maraqlarına cavab verir.
- Vaşinqtonda bəzi ekspertlər fikirləşir ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsində ciddi irəliləyiş olmadan Ermənistanla sərhədlərini açsa, bu regionda anlaşmanı yaxşılaşdıracaq. Bu fikirlə razısınız?
- Yox, razı deyiləm. Sərhədləri açsalar, onda torpaqları zəbt edən insanlar oranı çətin tərk edərlər. Burada problemlərin geniş əhatəli həlli olmalıdır. Əks halda torpaqları işğal etmiş insanlar ərazilərdən çəkilməkdən imtina edəcəklər və sizin mübarizəniz davam edəcək. Nəticədə bu sıravi insanların üzərinə buraxılacaq ki, onlar öz torpaqları uğrunda mübarizəyə başlasınlar. Münaqişə başladığı təqdirdə siz onun qarşısını ala bilmirsiniz. Ona görə də münaqişənin hərtərəfli həlli olunmasına ehtiyac var.
DOSTLARINLA PAYLAŞ: