8 orqanı eyni anda dəyişilən xəstə
02 Fevral 2011 Çərşənbə 11:00
Çində keçirilən əməliyyat 13 saat davam edib
Çinli həkimlər qeyri-adi əməliyyata imza atıblar. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Çanşa şəhərindəki klinikalardan birində kompleks orqan transplantasiyası həyata keçirilib. Həkimlər bir xəstənin 8 daxili orqanını birdən dəyişiblər. Əməliyyat 13 saat davam edib.
38 yaşlı xəstənin indi yeni dalağı, mədəaltı vəzi, onikibarmaq bağırsağı, qalın bağırsağı, appendiks (kor baqırsağın qurdaoxşar çıxıntısı) və bir neçə başqa orqanı var.
Adı açıqlanmayan xəstə ötən ilin payızında qripə yoluxub. Sonradan ağırlaşan qripin qan dövranının pozulması gətirib çıxarmaq və qaçınılmaz ölümlə nəticələnmək riski olub.
Xəstəxananın baş həkimi Xe Jiyunun sözlərinə görə, orqanları dəyişdirilən xəstənin vəziyyəti qənaətbəxşdir. O, artıq maye qida qəbul etməyə başlayıb.
Kompleks orqan transplantasiyasının qiyməti 75,4 min dollar olub. Lakin 38 yaşlı çinlinin əməliyyatı araşdırma layihəsi çərçivəsində olduğu üçün ondan pul alınmayıb.
Qeyd edək ki, bu unikal əməliyyat Asiyada keçirilən sayca ikinci belə cərrahi müdaxilədir.
DOSTLARINLA PAYLAŞ: