8 min müsəlmanın qətlinə fərman verənlərdən biri
01 Mart 2010 Bazar Ertəsi 18:50
Keçmiş serb lideri Radovan Karadziçin məhkəməsi başlayıb
Müharibə cinayətlərində ittiham olunan keçmiş Bosniya lideri Radovan Karadziçin məhkəməsi başlayıb. Bosniya müharibəsində müsəlmanlara qarşı soyqırımında təqsirləndirilən keçmiş serb lideri Radovan Karadziç 13 il ədalət mühakiməsindən yayınmağa müvəffəq olub. Bu gün Haaqa tribunalında ifadə verən Karadziç isə müdafiəsinə “özümü yox, kiçik, amma qürurlu xalqımı müdafiə edirəm” sözləri ilə başlayıb.
Ötən ilin oktyabrından başlayan məhkəmə prosesini baykot edən Kardziç müdafiəsini də elə özü edir. “Burada yalnız həqiqətləri danışacağam”,-deyən serb lideri 1990-cı illər də keçmiş Yuqoslaviyanın parçalanması nəticəsində serblərin, xorvatların və bosniyalıların müharibə etməsinin təbii oldluğunu bildirib.
II Dünya müharibəsindən sonra ən böyük soyqırımı kimi qiymətləndirilən hadisələrə görə məsuliyyəti öz üzərinə götürməyən Karadziç Bosniyadakı müsəlmanların hakimiyyətin bölünməsi ilə bağlı bütün təklifləri rədd etdiyini, bu səbəbdən də müharibənin “ədalətli” olduğunu bildirib.
Karadziç qərb ölkələrinin də bu müharibədə məsuliyyət daşıdığını bildirib. Onun sözlərinə görə, BMT-nin silah embarqosu barədə qərarına baxmayaraq qərb ölkələri müsəlmanları gizli yollarla silahla təmin edirmiş.
Keçmiş serb lideri Radovan Karadziç 1992-1995-ci illər arasında 8 min müsəlmanın öldürülməsində təqsirləndirilən 3 səlahiyyətli şəxsdən biri hesab edilir. Ona qarşı qətliyam, soyqırımı, etnik təmizləmə kimi sülh və bəşəriyyət əleyhinə olan cinayətlər də daxil olmaqla 11 ittiham irəli sürülüb.
Radovan Karadziç 2008-ci ilin fevral ayında Serbiyanın paytaxtı Belqradda yaxalanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: