“Microsoft” şirkəti “Xbox” oyun əlavələri üçün nəzərdə tutulan “Xbox Live” servisinin təhlükəsizlik sistemini aşmağı bacarmış beş yaşlı oğlana mükafat verib.
ANS PRESS-in məlumatına görə, Amerikanın San Dieqo şəhərində yaşayan Kristofer fon Hassel parolu bilmədən öz atasının akkauntuna girə bilib. Düzgün olmayan parolu daxil etdikdən sonra göstəricilərin dəqiqləşdirilməsi (verifikasiya) pəncərəsi yaranıb. Uşaq isə bütün sahələri boş qoyaraq “Enter”i basıb.
Sistem onu içəri buraxıb, nəticədə uşaq atasının oyunlarına giriş imkanı əldə edib. Kristoferin atası bu barədə xəbər tutandan sonra oğluna “Microsoft”un səhvi barədə ismarış göndərməyə yardım edib.
Şirkət uşağı mükafatlandırmağı qərara alıb. Ona 4 ədəd oyun, 50 dollar və “Xbox Live” servisinə illik abunə göndəriblər, həmçinin “Microsoft”un onlayn-servislərinin təhlükəsizliyinə verdiyi töhvəyə görə təşəkkür ediblər.