45 il sonra vətən torpağında səcdə
08 Dekabr 2012 Şənbə 06:19
Həmasın liderlərindən olan Xalid Məşal Qəzzaya qayıdıb
Həmasın siyasi bürosunun baş katibi Xalid Məşal 45 ildən sonra ilk dəfə Qəzzaya qayıdıb. Gücləndirilmiş təhlükəsizlik tədbirləri altında Refah sərhəd qapısından Qəzzaya daxil olan Məşalın ilk işi torpaqda şükür səcdəsi və dua etmək olub. Xalid Məşalı Fələstin müxtariyyətinin baş naziri İsmayıl Haniyənin də olduğu böyük bir qrup qarşılayıb.

Qeyd edək ki, sabiq Misir prezidenti Hüsnü Mübarək dövründə bu ölkədən keçərək Qəzzaya girməsi yasaqlanmış Məşal Fələstində keçiriləcək Həmasın yaradılmasının 25-ci ildönümü tədbirlərində iştirak edəcək.

Xatırladaq ki, 1967-ci ildə İordan çayının qərb sahilində Rəmallahın Silvad kəndində dünyaya gələn Məşal 1987-ci ildə yaradılan Həmas təşkilatının idarə heyətində müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2004-cü ildə Həmas lideri şeyx Əhməd Yasin İsrail hərbçiləri tərəfindən raketlə vurularaq öldürüldükdən sonra onun yerinə keçən Əbdüləziz ər Rantisi xələf kimi Məşalın seçildiyini açıqlayıb. Eyni il Rantisinin də sui-qəsdə qurban getməsindən sonra Məşal Həmasın siyasi bürosunun baş katibi olub.

Qeyd edək ki, Xalid Məşal axırıncı dəfə 11 yaşında ikən Qəzzadan ayrılmış və bu tarixdən sonra ilk dəfə Qəzzanı ziyarət edib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar