3 aylıq körpə parlamenti qarışdırdı
09 Fevral 2012 Cümə Axşamı 06:32
Millət vəkillərinin körpə ilə şəkil çəkdirmək üçün növbəyə dayanması səsverməni unutdurub.
Kanadada anamüxalifətçi Yeni Demokratiya partiyasının (NDP) millət vəkili Sena Hassainianın 3 aylıq körpəsini parlamentə gətirməsi qalmaqala səbəb olub. Məlumata görə, körpəsini yedirmək üçün evə gedən Hassainia səsvermə üçün təcili geri çağırılıb. Parlamentdə olduğu vaxt uşağa ərinin baxdığını deyən xanım millət vəkili evdə heç kim olmadığı üçün körpəni də özü ilə işə gətirdiyini bildirib.
Xanım millət vəkili körpəsi ilə müzakirə zalına girdiyi andan hər kəsin diqqət mərkəzində olub və bu da öz növbəsində parlamentdə qarışıqlığa səbəb olub. Belə ki, bəzi millət vəkillərinin körpə ilə şəkil çəkdirmək üçün növbəyə dayanması, bəzilərinin isə onu oynatmaq cəhdləri səsverməni unutdurub. Millət vəkillərini öz işlərinə cəlb edə bilməyən parlament spikeri isə xəbər yollayaraq Sena Hassainiadan körpəsi ilə bayıra çıxmağı tələb edib.
Bu xəbərdarlığa əsəbləşən xanım millət vəkili körpəsinin milli təhlükəsizlik üçün təhlükə olmadığını deyib. “Uşaq ağlamırdı, səsi də çıxmırdı. Yedirmək məcburiyyətində olduğum və evdə də heç kim olmadığı üçün özümlə gətirmişdim. Müzakirə zalına seçilmiş millət vəkilləri xaric heç kimin girməsinin mümkün olmadığını bilirəm. Amma körpəm milli təhlükəsizliyi təhdid etmirdi” – deyə Hassainia “CBC” telekanalına verdiyi müsahibədə bildirib.
Siyasətçi, eyni zamanda ana olduğunu bildirən Hassainia bu vəziyyətdə olan analara kifayət qədər məzuniyyət verilmədiyini, bu hadisənin yeni tənzimləməyə səbəb olmasına ümid etdiyini deyib.
DOSTLARINLA PAYLAŞ: