25 nəfəri girov götürən keçmiş polis güllələnib
23 Avqust 2010 Bazar Ertəsi 23:10
Girovların azad edilməsi əməliyyatı 10 saat çəkib.
Filippinin paytaxtı Manila şəhərində işdən çıxarılmış polis işçisi Rolando Mendoza avtomatla silahlanaraq içində 25 sərnişinin olduğu avtobusu ələ keçirib. Əksəriyyəti Honkonqlu turistlər olan girovların azad edilməsi üzrə əməliyyat 10 saata qədər davam edib.

Danışıqlar gedişində keçmiş polis işçisi bir neçə şərt irəli sürüb. Rolando Mendoza narkobizneslə əlaqə ittihamı üzrə ona qaldırılmış işin bağlanmasını, polis orqanlarına yenidən işə bərpa olunmasını tələb edib. 3 saatdan sonra Mendoza 9 nəfərə, o cümlədən 3 uşağa avtobusu tərk etməyə icazə verib. Bəzi məlumatlara görə, avtobusun sürücüsü maşından qaça bilib. Daha 6 saatdan sonra keçmiş polis işçisi radio ilə hadisə yerinə xüsusi təyinatlıların gətirildiyini eşitdiyini bəyan edərək havaya atəş açıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarını girovları öldürəcəyi ilə hədələyib.

O, ölümə hazır olduğunu və özünü öldürəcəyini deyib. Həmin vaxt avtobusda 15 çinli turist olub. Polisə yardım etmək üçün hadisə yerinə gətirilən girov götürənin qardaşı da Rolando Mendozanı razı sala bilməyib. Bundan sonra polis avtobusu güclə ələ keçirməyə cəhd edib. Atışma nəticəsində 55 yaşlı Rolando Mendoza öldürülüb.

Avtobusdakı 15 girovdan 6-sının da öldürüldüyü bildirilir. Qeyd edək ki, girovların azad edilməsi üzrə əməliyyatı bir neçə televizaya kanalı canlı efirdə nümayiş etdirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar