2012-ci ildə dünyada 35 jurnalist qətlə yetirilib.
12 Aprel 2012 Cümə Axşamı 12:51
Beynəlxalq Mətbuat İnstitutunun rəsmiləri bundan narahatdır.
 Livan, Somali və İndoneziyada üç jurnalistin öldürülməsi ilə 2012-ci ildə bu günə qədər qətlə yetirilmiş jurnalistlərin sayı 35-ə çatıb. Bu barədə Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu BMİ-nin Vyanadakı baş ofisinə istinadən məlumat verib. BMİ-nin Azərbaycan Milli Komitəsinin informasiya departamentindən APA-ya verilən məlumata görə, BMİ 1997-ci ildən başlayaraq hər il media sahəsində çalışan jurnalist qətllərinin sayını açıqlayır.

BMİ-nin builki açıqlamasına görə, eyni şəraitdə - ezamiyyət zamanı ötən il də 23 jurnalist öldürülüb. Ümumilikdə isə 2011-ci ildə 102 jurnalist qətlə yetirilib. BMİ-nin statistika apardığı tarix ərzində bu rəqəmi yalnız 2009-cu ilin göstəriciləri üstələyir. 2009-cu ildə 110 jurnalist öldürülüb ki, bunlardan 24-ü 10 aprel tarixindən əvvələ təsadüf edir.

BMİ-nin icraçı direktoru Alison Makkenzi bildirib ki, medianın yaxın tarixi ərzində ilin başlanğıcında bu qədər ölüm hallarına rast gəlməyiblər. Xanım Makkenzi demokratik hərəkat dünyada daha geniş vüsət aldıqca, jurnalistlərə qarşı hücumların da artdığını deyib.

Digər BMİ rəsmiləri də jurnalistlərə qarşı artan hücumları pisləyən bəyanatlarla çıxış ediblər.
Qətlə yetirilən jurnalistlərin ailələrinə, yaxınlarına başsağlığı verən BMİ rəsmiləri bu il media üçün pis başlanğıc olsa da, vəziyyətin dəyişməsinin hələ də mümkün olduğunu vurğulayıblar. Onlar milli hökumətləri jurnalistlərə qarşı olan bu cinayətlərə son qoymaq üçün bütün zəruri tədbirləri görməyə çağırıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar