187 uşaq silahlı toqquşma qurbanı olub
23 Fevral 2010 Çərşənbə Axşamı 17:35
Yəməndə aparılan hərbi əməliyyatlarda minlərlə uşaq didərgin düşüb
Avqust ayından bəri Yəmən hökumət qüvvələrinin ölkənin şimalındakı şiə silahlılarına qarşı apardığı əməliyyatlar nəticəsində 187 uşağın öldürüldüyü bildirilib.
“El Arabiye” telekanalının xəbərinə görə, yerli uşaq hüquqları təşkilatı SEYAJ və UNICEF-in hazırladığı məruzədə uşaqların yüzdə 71-nin toqquşmalarda, digərlərinin isə qida çatışmazlığı və tibbi yardım göstərilməməsi nəticəsində həlak olması göstərilib.
Məruzədə həm silahlıların, həm də hökumət qüvvələrinin uşaqlardan əsgər olaraq istifadə etməsi göstərilib.
İlkin ehtimallara görə, Hutilərin sırasında 402, hökumət qüvvələri tərəfindən isə 282 uşağın toqquşmalarda iştirak etdiyi, lakin real sayın bundan daha yüksək olduğu bildirilib.
Hökumət qüvvələrinin Sada və Amran bölgələrində apardığı əməliyyatlar nəticəsində ümumi sayı 73 926 olmaqla 37 387 oğlan, 36 539 qız uşağının evlərindən didərgin düşdüyü bildirilir.
Regionda olan 701 məktəbdən 17-sinin dağıdıldığı, 16-sının isə hərbi məqsədlərlə istifadə olunduğu qeyd olunub.
Yəməndə Hutilər də adlandırılan şiə silahlıları ilə hökumət qüvvələri arasında altı ildir ki, qarşılıqlı toqquşmalar baş verir. Bu ilin avqust ayından etibarən isə hökmət silahlılara qarşı konkret əməliyyatlara başlayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: