100 yaşlı dilənçidən 1 milyon dollar miras qaldı
17 Mart 2014 Bazar Ertəsi 23:53
Ciddə sakini 100 yaşında peşəkar dilənçi Aişə şəhərin mərkəzində dörd binanın, çox sayda bahalı zinət əşyalarının və qızıl pulların sahibi imiş.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində 100 yaşında peşəkar dilənçi Aişə dünyasını dəyişib.
ANS PRESS-in məlumatına görə, 50 ildən çox idi ki, o, şəhərin mərkəzi Əl-Bələd rayonunda dilənçilik edirmiş. Şəhərin, demək olar ki, bütün sakinləri onu üzdən tanıyırmışlar.
Ancaq onun qonşuları yalnız ölümündən sonra biliblər ki, Aişə öz peşəsi ilə yetərincə böyük pullar qazanıb. O, şəhərin mərkəzində dörd binanın, çox sayda bahalı zinət əşyalarının və qızıl pulların sahibi imiş. Onun var-dövlətinin məbləği bir milyon dolları ötür. Son illərdə dilənçi qadına xidmət edən qonşusu bildirib ki, Aişənin anası və bacısı da dilənçi olub. Qonşu Aişənin zəngin olduğunu bilən azsaylı adamlardan biri olub və dəfələrlə bu sənəti atmağı məsləhət görüb. Qadın isə bu pulları qara gün üçün yığdığını bildirib.
Yaşlı qadın özünə məxsus evlərə yoxsulları yaşamağa buraxıb və onlardan pul almayıb. Onun ölümündən sonra əmlakı dövlətə veriləcək, yoxsullar isə özlərinə yeni mənzil axtarmağa məcbur olacaqlar.
DOSTLARINLA PAYLAŞ: