KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılır
03 Aprel 2009 Cümə 18:16
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında fərman imzalayıb.
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq imzalanan Fərmanla “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə” də təsdiq edilib.

Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin təşkili üçün müvafiq yerin ayrılmasını və maddi-texniki təminatı ilə bağlı məsələləri həll etsin, 1 ay müddətində Fondun xərclər smetasını, ştat cədvəlini, işçilərinin say həddini və aylıq vəzifə maaşlarını müəyyən etsin, hər il dövlət büdcəsinin layihəsi tərtib edilərkən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi məqsədi ilə müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin.

Azərbaycan Prezidentinin Administrasiyasına tapşırılıb və Azərbaycan Mətbuat Şurasına tövsiyə olunub ki, Fondun Müşahidə Şurasının üzvlüyünə namizədlər barədə təkliflərini bir ay müddətində prezidentə təqdim etsin.

Ədliyyə Nazirliyi isə 15 gün müddətində Fondun dövlət qeydiyyatına alınmasını təmin etməlidir.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar