Ələviyyə Babayevanın 90 yaşı tamam olur
12 Avqust 2011 Cümə 02:00
Məşhur nasir 63-dən çox kitabın müəllifidir
Nasir, tərcüməçi, publisist, əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Ələviyyə Babayeva mənalı ömrünün 90-cı zirvəsinə qədəm qoyur. Ötən əsrdən üzü bəri ədəbiyyatımıza bədii töhfələrini bağışlayan nasir xanımlarımızın sayı elə də çox deyil. Ələviyyə Babayeva insan mənəviyyatından, arzu və istəklərindən, ömrü boyu üzləşdiyi çətinlikdən, mübarizə dolu həyatından təsirli, yaddaqalan, oxucunu çəkən, düşündürən bədii əsərlər yazan çox ustad bir yazıçıdır. Qələminin kölgəsinə sığınaraq elə əsərlərə imza atıb ki, bütün zamanlardan, sınaqlardan üzüağ və qalib çıxıb.
Ötən əsrin 70-ci illərində Ələviyyə Babayevanın çapdan çıxmış “Adamlar və talelər” adlı kitabı ədəbi aləmdə böyük əks-səda doğurdu. İnsanların dəfələrlə oxuduğu, maraqla qarşıladığı bu kitab elə bir rəğbət qazandı ki, hətta bir neçə il təkrar nəşr olundu. Ələviyyə Babayeva bu romanında əhatəli yaradıcılıq imkanlarını aydın və pozulmaz bir möhürlə təsdiq edib. Qələmini çox dərinlərə işlədərək yazırdı: “Bizim çətin əsrimizdə ən çətini insan olmaqdır. İstər alim, istər sənətkar ol, istər xəstə baxıcısı ol, fərqi yoxdur. Əgər sən qürurla səslənən insan adına layiq deyilsənsə, heç bir şeysən!”.
Görkəmli alimlər, tənqidçilər, oxucular, hətta həmkarları birmənalı olaraq vurğulayıblar ki, əgər Ələviyyə Babayeva heç bir əsər yazmasaydı belə, “Adamlar və talelər” romanı ilə Azərbaycan ədəbiyyatı tarixində iz qoymuş olardı.
Ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri olan Ələviyyə Babayeva sovet dönəmində təkcə Azərbaycanda deyil, müttəfiq respublikalarda da yaxşı tanınırdı və sevilirdi. Kitabları bir neçə xarici ölkədə çap edilmişdi. Bu il həm də qocaman nasirin Azərbaycan Yazıçılar Birliyinə üzv olmasının 60 illiyi tamamlanır. 90 illik ömrünün 74 ilini ədəbiyyata bağlayan Ələviyyə Babayeva çox məhsuldar, istedadlı, təvazökar və cəfakeş yazıçıdır. 14 yaşında “Keşiş” hekayəsini dərc etdirib. Bununla da böyük ədəbiyyata gedən yolun ardıcıl və mükəmməl yolçularından birinə çevrilib.
1985-ci ildə işıq üzü görmüş “Səni axtarıram” kitabı da quruluşun ağ yalanlarının gözünün içinə həqiqəti söyləmək baxımından çox cəsarətli bir addım idi. Tənqidçi Qulu Xəlilov bu əsəri “həqiqətən yüksək vüsətli roman” adlandırmışdı. Jurnalistlərin, mətbuat işçilərinin həyatından bəhs edən bu əsər haqqında Ələviyyə Babayeva vaxtilə belə söyləişdi: “Mən jurnalist peşəsinin nə qədər çətin, nə qədər kəşməkəşli və nə qədər gərəkli, jurnalist adlanan adamların insanın səadəti, ədalətin bərqərar olması uğrunda mübarizə edən, bu yolda bəzən hətta səadətini itirən mərd qəhrəmanlar olduğunu qələmə almışam”.
Müəllif bu əsərində çox haqlı olaraq jurnalistləri “qızılaxtaranlar” adlandırıb. Özü bu kəlmənin mahiyyətini belə açır: “Qızılaxtaranların həyatı dağlarda, düzlərdə, məhrumiyyətlər qaynağında keçir. Ən adi rahatlığa - yumşaq yatağa, isti yeməyə çox vaxt həsrət qalırlar...”
Doğrudan da, bu müqayisə çox doğru və dürüstdür. Əsl və peşəkar jurnalist üçün bundan dəyərli müqayisə tapılmaz.
Ömrü boyu ədəbiyyata təmənnasız xidmət etməyi özünün vətəndaşlıq borcu sayıb. Öz taleyi də qəhrəmanlarının həyatına bənzəyən Ələviyyə Babayevanın heç kimdən, heç hardan umacağı olmayıb. Bu gün o, 63-dən çox kitabın müəllifidir. Hekayə və povestlərdən ibarət olan bu nəsr nümunələrinin içində 9 roman yer tutub. Təkcə bədii yaradıcılıqla deyil, uzun illər tərcümə ilə, naşirliklə, jurnalistliklə məşğul olmuş bu mərd xanımın qayğı və xiffətlə söylədiyi xatirələrin birində diqqətçəkən məqamı yada salmamaq olmur. Neçə il öncə ümummilli lider Heydər Əliyev ona Prezident təqaüdü verib. “Bu təqaüd olmasaydı, vəziyyətimiz çox acınacaqlı olardı. O vaxt Yazıçılar Birliyindən Prezident təqaüdünə çoxlu yazıçı təqdim edilibmiş. Eşitdiyimə görə, Heydər Əliyev siyahını başdan-ayağa oxuduqdan sonra “Bəs Ələviyyə Babayevanın adı hanı?” - deyə soruşub. Heç kəsin cavabını gözləmədən öz əli ilə adımı həmin siyahıya yazıb. Heydər Əliyev mənim yaradıcılığımı, mərdliyimi, cəsarətimi qiymətləndirirdi. O, həm də əsərlərimi oxuyurdu və bəyənirdi. Heydər Əliyev Azərbaycan yazıçılarını çox yaxşı tanıyırdı”.
Bu etiraf çox dəyərlərdən və mətləblərdən xəbər verir. Həm ümummilli liderin Azərbaycan ədəbiyyatına olan diqqətindən, himayəsindən, həm də bu qayğıdan fərəhlənən qələm sahiblərinin qədirbilənliyindən.
O, 1921-ci il avqustun 12-də Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə 1936-cı ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş “İki həyat” adlı hekayəsi ilə başlayıb. Ələviyyə Babayeva gənc yaşlarından müasir rus və xarici ölkələr ədəbiyyatından da tərcümələr edirdi. L.Tolstoy, İ.Turgenev, A.Çexov, M.Qorki, V.Korolenko, G.Paustovski, A.Qaydar, V.Byankin, V.Astafyev, V.Ponova, Y.Çaruşin, Y.Sotnik, A.Zegeres (alman dilindən) və başqalarının əsərləri onun tərcüməsində kütləvi tirajla çap olunmuşdur. Uzun illər "Azərbaycan qadını" jurnalında, “Gənclik” nəşriyyatında çalışan Ələviyyə Babayeva Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin başqa ölkələrdə keçirilən ədəbi tədbirlərdə fəal iştirak edirdi. Bir müddət də Azərbaycan Yazıçılar Birliyində tərcümə bölməsinin rəhbəri olmuşdur. Bu, əslində, yazıçının görünən tərəfləridir, yəni bioqrafiyasında yer almış məlumatlardır. Əslində, Ələviyyə Babayeva 1937-ci ilin dəhşətli repressiyalarını yeniyetməlik çağlarından canında yaşadan, həyatın bir çox çətinlikləri, müsibətləri ilə üz-üzə dayanan bir insan olub. Orta məktəbdə oxuduğu illərdə şeir yazırmış. Bəlkə elə yazıçının nəsrinin dili buna görə də şirin və cəlbedicidir. Hətta orta məktəbi bitirdikdən sonra həkim olmaq istəyi ilə Tibb İnstitutuna daxil olub. Üçüncü kursda anlayıb ki, onun həyatı ədəbiyyatla bağlıdır. Bu səbəbdən də ADU-nun filologiya fakültəsinə üz tutub.
1950-ci ildə çap edilmiş ilk kitabı “Mənim müəlliməm” adlanır. Sonralar bir-birinin ardınca işıq üzü görən əsərləri Ələviyyə Babayevaya oxucu rəğbəti və məhəbbəti qazandırıb. Görkəmli yazıçının ədəbiyyatımıza bəxş etdiyi əsərlərinin sayı çoxdur. Dövlət müstəqilliyimizi qazandıqdan sonra buna ən çox sevinən qələm əhlindən biri kimi öz yaradıcılığında növbəti mərhələyə başlamışdır. Əsərləri yenidən çap edilən Ələviyyə Babayevanın üç romanı haqqında mütləq danışmaq lazımdır. 1996-cı ildə işıq üzü görmüş “Bəlkə sabah olmadı”, 1998-ci ildə oxuculara təqdim olunan “Dəli Sona”, 2000-ci ildə çap edilmiş “Son döngə” romanları Azərbaycan nəsrinə yeni nəfəs gətirdi. Hətta 2000-ci ildə çap olunmuş “Rəngbərəng yuxular” povesti də bu sırada özünün layiqli yerini tutdu. Bəlkə də Ələviyyə Babayeva yeganə yazıçıdır ki, əlinə qələm aldığı gündən öz populyarlığını qoruya bilib. Həmkarları söyləyirlər ki, Ələviyyə xanımın zəhmətkeşliyinə həmişə qibtə etmək olar. Onun ağır zəhmətini fəhləliklə müqayisə etmək mümkündür. Böyük bir romanın üzünü bəlkə bir neçə dəfə köçürüb, amma yorulmayıb, bezməyib. Bu cəfakeşliyinin müqabilində umacaqsız yaşayıb. Həmişə də nikbinliklə söyləyib: “Bir mənəm, bir də 63 kitabım və dostlarım”. Qəribə etirafdır!
1964-cü ildə yazıçının işıq üzü görən “Kölgə” povesti də heyranlıqla qarşılandı. Ədəbiyyatşünas alim Əkrəm Cəfər bu əsərlə bağlı belə yazırdı: “Elmi-bədii ədəbiyyat əsəri necə olar? Əgər məndən bunu soruşsaydılar, deyərdim: “Gedin Ələviyyənin əsərlərini oxuyun”.
Ələviyyə Babayevanın ilk hekayələri də geniş yayılmışdı. Hətta ötən əsrin 60-70-ci illərində məşhur yazıçı Suat Dərviş Türkiyədə bir qrup azərbaycanlı gənclə görüşəndə belə bir fikir də söyləmişdi: “Mən Ələviyyə Babayevanın hekayələrini oxumuşam. Ona mənim salamımı çatdırın. Hekayələr mənə çox maraqlı təsir bağışlayıb. O, gələcəyin böyük romançısı olacaq”.
Məşhur türk yazıçısının bu uzaqgörənliyi həqiqət oldu. Ələviyyə Babayevanın kitabları Rusiyada, Çində, Fransada, İranda, Yaponiyada, Türkiyədə, İsraildə və başqa ölkələrdə çap edilirdi. Böyük türk yazıçısı Tahir Kamal 1968-ci ildə yazırdı: “Bolqarıstanda istirahətdə olduğum zaman Ələviyyə Babayevanın "Kölgə" povestini oxudum (əsər Bolqarıstanda türk dilində çap olunmuşdu), yüksək qiymət verdim, dəyərləndirdim. Ələviyyə xanımın yazar əlini hörmətlə sıxıram”.
Yazıçının pərəstişkarı, əsərlərini dönə-dönə oxuyan Çingiz Fərəcovun sözləridir: “Mən Ələviyyə xanımla 40 ildən çoxdur ki, dostluq edirəm. Onda elə ali keyfiyyətlər, müsbət xüsusiyyətlər görmüşəm ki, çoxumuzda yoxdur. Geniş dünyagörüşü, yüksək intellektual səviyyə, ən başlıcası, böyük ürək sahibi olan Ələviyyə xanımın əsərlərindəki yüksəklik, sivillik də elə buradan gəlir. Özü və sözü bütöv olan yazıçının əsərləri birnəfəsə oxunur. Ələviyyə Babayevanın romanları milli səviyyəmizdir desəm, yanılmıram. Bu əsərlərdə Şərq mədəniyyəti ilə Qərb mədəniyyətinin sintezi açıq-aydın hiss olunur. Bunu görmək üçün “Əlvida” və “Bəlkə sabah olmadı” romanlarını oxumaq kifayətdir”
Vaxtilə Ələviyyə Babayeva Çingiz Fərəcovun həyatı ilə bağlı “Yanan su” əsərini də qələmə alıb.
Gəncləri həmişə ürəkdən sevən Ələviyyə Babayeva istər jurnalda işlədiyi, istərsə də “Gənclik” nəşriyyatında baş redaktor olduğu dövrdə hər zaman istedadlıların əsərlərinin çap edilməsinə, kitablarının plana salınmasına çalışıb. O, pedaqoji sahədə fəaliyyət göstərməsə də, əsl pedaqoq ustalığı ilə jurnalist və nasir gənclərin yetişməsində köməyini əsirgəməyib. Bu gün də Ələviyyə Babayevanın xidmətini məhəbbətlə xatırlayan neçə-neçə qələm sahibi var. Əslində, Ələviyyə Babayeva dərəcəsi çətin ölçülə bilən, zəhmətlərə qatlaşan, bu səbəbdən də hörmət və ehtiram qazanaraq sevilən sənətkardır. Onun inadlı zəhmətkeşliyinə həmişə qibtə etmək olar.
Ömrünü ictimai həyata, ədəbiyyata, yaradıcılığa, bədii tərcüməyə bağlayan Ələviyyə Babayevanı həmkarlarından fərqləndirən çoxlu məziyyəti var. Mərdanəliyi, cəsarəti, məhsuldarlığı öz yerində, bu xanım yazıçı ədəbiyyat döyüşündə kişilərlə çiyin-çiyinə işləyib. Yeri gələndə çoxunun nöqsanını üzə deməyi bacaran, yalnız ədəbiyyat naminə yaşayıb-yaradan, heç vaxt “mənəmlik” iddiasında olmayan, “mən ədəbiyyatın sıra nəfəriyəm”, - deyə öyünən bir yazıçıdır. Onun bədii xidmətləri önündə ehtiramla söyləyəndə ki, Ələviyyə xanım, siz artıq ədəbiyyatda sözünüzü demisiniz. Biz sizinlə fəxr edirik. Xəfifcə gülümsəyərək “hələ yazmalı olduğum mövzular çoxdur. Mən heç vaxt özümdən razı ola bilmərəm. Axı, yazmasam, ölərəm. Nə qədər çalışıram, amma yazmaya bilmirəm” cavabını verir ədəbiyyatımızın bu qəribə pərvanəsi!
“Bəlkə sabah olmadı”. Bu, Ələviyyə Babayevanın həm Azərbaycanda, həm də xarici ölkələrdə çap edilən məşhur romanının adıdır. Bu xiffət dolu sualın ahəngində qəribə bir niskil, daha doğrusu, giley duyulur. Bu səbəbdən də üzümüzü sevimli yazıçımıza tutaraq inamla deyirik:
- Sabah olacaq, Ələviyyə xanım! Siz də o sabahlarda mütləq varsınız!
DOSTLARINLA PAYLAŞ: