Türkiyədə bələdiyyə seçkisində qan düşdü
29 Mart 2009 Bazar 16:35
Şanlıurfa şəhərində baş verən iki ayrı davada 1 nəfər ölüb, 34 nəfər yaralanıb

 

Bu gün Türkiyədə keçirilən bələdiyyə seçkisində qanlı hadisə baş verib. ANSPRESS CNNTürk-ə istinadən xəbər verir ki, Şanlıurfa şəhərində  baş verən iki ayrı davada 1 nəfər ölüb 34 nəfər yaralanıb. Bezirci kəndində muxtar Əli Çətindağ ilə muxtarlığa namizəd Müslüm Babacan arasında baş verən münaqişəyə onların yaxınları da qoşulub. Silahların da istifadə olunduğu dava nəticəsində Müslüm Babacan ölüb, 16 nəfər yaralanıb. Şanlıurfada baş verən digər bir davada isə 18 nəfər yaralanıb. Van və Afyon şəhərlərindəki davalarda isə 9 nəfər yaralanıb.

Adana şəhərində seçicilər səsvermə sırasına görə dava ediblər, nəticədə 1 nəfər yaralanıb. Barələrində axtarış elan olunan çox sayda insan seçki məntəqələrində həbs edilib.

Bu gün Türkiyədə bələdiyyə seçkisi keçirilir. Seçkidə səsvermə hüququna malik olan 48 milyon 665 min seçici ölkə üzrə 16 böyük şəhər , 65 vilayət, 892 bölgə bələdiyyə başqanını, 1974 kiçik bələdiyyələr üzrə rəhbəri, 52.765 məhəllə və kənd muxtarını, 3284 bələdiyyə şurası üzvünü, eləcə də 33868 bələdiyyə məclisi üzvünü seçəcək. Ümumilikdə bələdiyyə seçkisi ilə əlaqədar ölkə üzrə 177 min 50 məntəqə yaradılıb. Bələdiyyə seçkisi Bakı vaxtı ilə saat 19.00-da başa çatacaq və iki saat sonra Ali Seçki Qurumu ilkin nəticələri açıqlamağa başlayacaq./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar