Türkiyədə AKP inamlı qələbə qazanıb
30 Mart 2009 Bazar Ertəsi 10:40
Türkiyədə dünən başa çatan bələdiyyə seçkilərinin nəticələri artıq məlumdur. APA-nın məlumatına görə, nəticələrin maraqla izləndiyi İstanbul və Ankarada hakim partiyanın namizədləri qalib gəlib.
İstanbulda AKP namizədi Kadir Topbaş 44,33 faiz səs toplayaraq növbəti 5 il müddətinə bələdiyyə başqanı seçilib. Onun əsas rəqibi və seçkilərdə böyük ümidlər bəslənilən Kamal Kılıçdaroğlu isə seçicilərin yalnız 36,88 faizinin dəstəyini qazanıb. Ankarada isə AKP namizədi Məlik Gökçək seçicilərin 38,47 faizinin səsini qazanaraq rəqibləri CHP namizədi Murad Karayalçın (31,5%) və MHP-li Mansur Yavaşı (26,9%) geridə qoyub. Ana müxalifət partiyası CHP isə cümhuriyyətçilərin alınmaz qalası sayılan İzmiri yenə də heç kəsə güzəştə getməyib. CHP namizədi Aziz Kocaoğlu səslərin 53,44 faizini toplayaraq rəqiblərini ciddi bir səs fərqi ilə geridə qoyub. Hakim partiya ümumiyyətlə 16 böyükşəhər bələdiyyəsindən 10-da AKP (İstanbul, Ankara, Qaziantep, Bursa, Konya, Sakarya, Samsun, Ərzurum, Kayseri, Kocaeli), 3-də CHP (Antalya, Mərsin, İzmir), 1-də MHP (Adana), 1-də DTP (Diyarbəkir) və 1-də DSP (Əskişəhər) namizədi qalib gəlib. Bir neçə gün əvvəl vertolyot qəzasında dünyasını dəyişən BBP lideri Mühsin Yazıçıoğlunun vətəni Sivasda isə bu partiyanın namizədi Doğan Ürgüp səslərin 50 faizindən çoxunu toplayaraq qalib olub. Ümumilikdə Türkiyə üzrə partiyaların topladığı səslər bu cür bölünüb. AKP – 39,02 faiz, CHP – 23,22 faiz, MHP 16,14 faiz səs toplayıb. Qeyd edək ki, ölkə üzrə yaradılmış məntəqələrdən gələn səslərin yalnız 97 faizi sayılıb. Yekun nəticələr bu gün günorta saatlarında açıqlanacaq.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar