Türkiyə ilə Ermənistan arasında saziş imzalanacaq
13 Mart 2009 Cümə 12:35
Sənəddə iki ölkə arasında sərhədlərin açılması, ticari əlaqələrin başlanması nəzərdə tutulur
Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı saziş bu ilin aprelində imzalanacaq.

Lent.az-ın “Star” qəzetinə istinadən məlumatına görə, sənəddə iki ölkə arasında sərhədlərin açılması, ticari əlaqələrin başlanması və 1915-ci ildə baş verən hadisələrin ortaq tarix komissiyası tərəfindən araşdırılması nəzərdə tutulur.

Qəzet iddia edir ki, sazişin mətni aprelin 24-dən əvvəl açıqlanacaq. Bu prosesə paralel olaraq, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları da davam etdirəcək.

Sənəddə Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas şərt olmadığı göstərilib. Qəzet bildirir ki, rəsmi Ankara və İrəvan arasındakı danışıqlarla bağlı Azərbaycan tərəfə mütəmadi məlumat verilir. Türkiyə Minsk Qrupunun danışıqlarının ən yaxın zamanda müsbət nəticə verəcəyinə ümid edir. ABŞ dövlət katibi Hillari Klintonun Türkiyəyə səfəri zamanı xarici işlər naziri Əli Babacanla görüşdə münaqişənin həllini tapacağına ümid etdiyini vurğulayıb.

Bəzi politoloqlar hesab edirlər ki, rəsmi Ankara bu addımı atmaqla ABŞ prezidenti Barak Obamanın aprelin 24-də qondarma “erməni soyqırımı” ilə bağlı nitqində 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırması təhlükəsinin qarşısını almaq istəyir.
 
ANS


DOSTLARINLA PAYLAŞ:

oyunlar