Snouden canlı yayımda Putini sualı ilə çaşdırdı
17 Aprel 2014 Cümə Axşamı 17:06
Rusiya prezidenti canlı yayımda keçmiş MKİ əməkdaşı Edvard Snoudenin sualını cavablandırıb.
“Rusiyada terrorçuluğa qarşı mübarizə çərçivəsində bəzi insanların telefon danışığı dinlənilir”.

ANS PRESS-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin sualını cavablandırarkən deyib. E.Snouden canlı yayıma bağlanaraq “Rusiya hökuməti kütləvi şəkildə telefon danışıqlarına qulaq asır?” sualını verib.

Vladimir Putin suala belə cavab verib: “Cənab Snouden, siz keçmiş MKİ agentisiniz. Mənin də keçmişdə kəşfiyyatla əlaqələrim olub. Ona görə də biz peşəkar dildə danışa bilərik. Rusiyada telefon danışıqlarına qulaq asmaq və bunun internetdə yayımlanması qanunla tənzimlənir. Bunun üçün məhkəmənin icazəsi olmalıdır. Kütləvi şəkildə telefon danışıqlarına qulaq asmaq isə qeyri-qanunidir və bizdə bu, edilmir. Təbii ki, terrorçuluğa qarşı mübarizə aparmaq üçün bəzi telefon danışıqlarına qulaq asırıq. Lakin kütləvi şəkildə həyata keçirmək düzgün deyil. Biz belə işlərlə məşğul deyilik və buna heç vaxt imkan verməyəcəyik”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin hazırda canlı yayımda ona ünvanlanan sualları cavablandırır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar