Prezident Abdulla Gül mühakimə olunacaq?
18 May 2009 Bazar Ertəsi 18:40
Ankaranın Sincan rayon Ağır Cəza Məhkəməsi 1997-ci ildə Rifah Partiyasının büdcəsindəki pulun mənimsənilməsi ilə bağlı cinayət işi üzrə hazırkı prezident Abdulla Gülün mühakimə edilməsinə qərar verib.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, məhkəmə qərarının mətnində sənəd saxtakarlığında ittiham olunan A. Gül haqında 6 dəfə “şübhəli şəxs” ifadəsi işlədilib. Məhkəmə sədri Osman Kaçmaz tərəfindən qələmə alınan qərarda bildirilir: “Türkiyə Cümhuriyyəti Konstitusiyasında və qanunlarında hər kəsin mühakimə olunması qaydası əksini tapıb, toxunulmazlıq hüququnun isə istisna kimi hansı şəxslərə şamil olunacağı qeyd edilib. Bu şəxslər xaricində heç kimin toxunulmazlıq zirehi yoxdur. Prezidentə toxunulmazlıq hüququ verilməsini istəyənlər Konstitusiyaya dəyişiklik etməlidir”.
Qeyd edək ki, 1997-ci ildə Konstitusiya Məhkəməsinin qərarı ilə qapadılan və A. Gülün də liderlərindən biri olduğu Rifah Partiyası bu qərara əsasən dövlətdən aldığı maliyyə yardımını geri qaytarmalı idi. Ancaq maliyyənin partiya təşkilatlarına göndərilərək xərcləndiyini bildirən RP rəhbərliyi pulu geri qaytarmayıb. Maliyyə Nazirliyi müfəttişlərinin apardığı araşdırma nəticəsində bu vəsaitin təxminən 1 milyon lirəlik hissəsinin saxta sənədlərlə xərclənmiş kimi göstərilərək mənimsənildiyi müəyyənləşdirilib. Ankara Baş Prokurorluğu fakt üzrə cinayət işi qaldırıb. Ancaq A. Gül o vaxtdan prezident seçildiyi 2007-ci ilə qədər millət vəkili olduğu üçün istintaqa cəlb edilməyib. Prezident seçildikdən sonra A. Gülün mühakimə edilib-edilməyəcəyi haqda mübahisələr yenidən başlayıb. Ankara Baş Prokurorluğu prezidentin mühakimə edilməsinin mümkün olmadığı qənaətinə gələrək istintaqı dayandırıb. Ancaq bu qərardan məhkəməyə şikayət verilib və Ankaranın Sincan rayon Məhkəməsi A. Gülün mühakimə edilməsi haqda qərar çıxarıb.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar