Nensi Pelosi İraqa səfər edib
11 May 2009 Bazar Ertəsi 13:20
İraqın baş naziri Nuri Əl-Maliki Amerika rəsmisindən ölkəsini qonşu dövlətlərin təzminat tələblərindən qorumağı xahiş edib

Amerika Birləşmiş Ştatları Konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosi gözlənilmədən İraqa bir günlük səfər edib. Amerika rəsmisi paytaxt Bağdadda İraqın baş naziri Nuri Əl-Maliki ilə görüşüb. Hökumət başçısı qonaqdan İraqı qonşu ölkələrin təzminat tələblərindən qorumağı xahiş edib.
Qeyd edək ki, İraqın qonşuluğunda olan ölkələr keçmiş lider Səddam Hüseynin hakimiyyəti dövründə vurulmuş ziyana görə hazırki İraq hökumətindən təzminat tələb edirlər. Küveyt 1990-cı il işğalına görə milyardlarla ABŞ dolları tələb edir və rəsmi Bağdadın təzminatın miqdarının azaldılması eləcə də, 15 milyard dəyərində olan borcundan keçməsi barədə xahişlərini rədd edib.
Amerika parlamentinin aşağı palatasının rəhbəri həmçinin İraq parlamentinin spikeri Ayad əl-Səmərrai ilə görüşüb. Görüşdən sonra təşkil olunmuş birgə mətbuat konfransında amerikalı nümayəndə ABŞ-ın strateji çərçivə sazişi əsasında İraqa iqtisadi və mədəni yardımları davam etdirmək istədiyini bildirib. Nensi Pelosi bütün bu əməyin sonda nəticə verəcəyini və bütün bunların İraq xalqı üçün edildiyini qeyd edib.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının İraqda müharibə aparmasını kəskin tənqid edənlərdən biri olan Pelosi 2007-ci ildə ölkədə Amerika qoşunlarının sayının artırılmasına qarşı çıxmışdı. Nümayəndələr palatasının sədri Barak Obamanın 2010-cu ilin avqust ayına kimi 130 min Amerika ordusunun İraqdan çıxarılması planını müsbət qarşılayıb. Nensi Pelosi sonuncu dəfə İraqda ötən ilin may ayında olub. /ANS TV/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar