Müxalifət vətəndaşları itaətsizliyə çağırıb
10 Aprel 2009 Cümə 18:30
Bu gün Tiflis şəhərində Gürcüstan birləşmiş müxalifət qüvvələrinin təşkilatçılığı ilə etiraz aksiyası başlayıb.
Bəyanatda “vətəndaş itaətsizliyi”nə çağırış yer alıb. Qeyd olunub ki, bir qədər sonra aksiyada iştirak edən şəxslərin yarısı Gürcüstan İctimai Televiziyasının binasını və prezidentin iqamətgahını əhatəyə alacaqlar. Etiraz aksiyası eyni zamanda həmin yerlərdə də keçiriləcək. O da qeyd olunub ki, Gürcüstan müxalifətinin liderlərindən Levan Qaçeçiladze, “Yeni Sağlar” Partiyasının lideri David Qamkrelidze, “Gürcüstan Naminə Alyans”ın lideri İrakli Alasaniya İTV-nin binası və prezident iqamətgahı qarşısında olacaqlar. Bundan başqa, aksiya paytaxtın daha iki yerində başlanacaq.

Bəyanat müəllifləri bildiriblər ki, sabah saat 15.00-dan Tiflisin Kostava küçəsindən, saat 18-dən isə Ketevan Tsamebuli küçəsindən başlayaraq, Kür çayının sahili boyu prezident Mixail Saakaşvilinin keçdiyi yollar müxalifətçilər tərəfindən tutulacaq. Tiflisin İdman Kompleksinin, Pionerlər Evinin də qarşısında aksiyaların təşkil olunacağı bildirilib. Daha sonra yenidən parlamentin binası qarşısında böyük aksiya təşkil olunacaq.
Mitinqlərin prezident Mixail Saakaşvili istefa verənədək davam edəcəyi açıqlanıb.

Aksiyada çıxış edən L. Qaçeçiladze heç kimə tabe olmayacaqlarını deyib. Müxalifət lideri vurğulayıb ki, əgər Saakaşvili müxalifətə yenə cavab verməsə, getdikcə aksiyaların sayı artacaq. O, xalqı sakitliyə, dinc aksiya keçirməyə çağırıb. L. Qaçeçiladze rayonlardan vətəndaşları mitinqə dəvət edib.

Vahid Gürcüstan Uğrunda Hərəkat Partiyasının liderlərindən olan Eka Beseliya isə prezident istefa verməsə, digər vasitələrə əl ata bilcəklərini deyib. E. Beseliya xalqa elan edib ki, Şida-Kartlidən aksiyaya gələn əhalini Tiflisə buraxmırlar.

Respublika Partiyasının lideri Tina Xidaşeli isə Gürcüstanda polisin nümayişlərdə öldürdüyü günahsız şəxslərin adlarını çəkib.

Georgi Xaindarava isə Mixail Saakaşviliyə müraciət edərək “O bizdən qorxur, onu işdən götürəcəyik” söyləyib.

Gürcüstan parlamentinin keçmiş sədri, Ənənəçilər Partiyasının sədri Arkadi Asatiani
də aksiyada çıxış edib.

Gürcüstan parlamentinin digər keçmiş sədri, Demokratik Hərəkat - Vahid Gürcüstan Partiyasının lideri Nino Burcanadze isə çıxışa başlayanda yenə də aksiyaçılar tərəfindən fitə basılıb. Bununla belə, çıxışa başlayan N. Burcanadze prezidentin getməsini gözləyəcəklərini bildirib: “Mən də vətənimi sizin kimi sevirəm. Mən iqtidarla birgə televiziyaya çıxıb onların səhvlərini üzlərinə deyə bilərəm”.

Hazırda aksiya davam edir.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar