Gürcüstanda vəziyyət gərginləşir
15 Aprel 2009 Çərşənbə 21:59
Rəsmi Tbilisi Gürcüstanda baş verən olaylarda Rusiyanın əli olduğunu sübut etməyə çalışır.
Gürcüstanın reinteqrasiya naziri Temur Yakobaşvili Tbilisidə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ilə görüşüb. Görüş bağlı qapılar arxasında keçib. Jurnalistlərin əldə etdiyi məlumatlara görə, rəsmi Tbilisi Gürcüstanda baş verən olaylarda Rusiyanın əli olduğunu sübut etməyə çalışır. Gürcüstan tərəfi sənədlərlə sübut edir ki, Rusiya çevriliş hazırlayır. T.Yakobaşvili Abxaziyanın Qali və başqa bir rayonunda Rusiyanın canlı qüvvələrinin sayını artırdığını söyləyib. Gürcüstan hakimiyyəti Rusiya tərəfdən təxribat gözlədiyini açıq deyir. Müxalifətin Rusiyadan maliyyələşdirildiyi ilə bağlı prezident M.Saakaşvilinin məlum bəyanatından sonra deyilən bu fikirlər vəziyyətin getdikcə daha qorxulu ola biləcəyini nümayiş etdirir. Əslində burada situasiya doğurdan da təhlükəli bir yön alır.
Rusiyanın Gürcüstanda siyasi müxalifətə yardım etməsi həqiqətəuyğun versiyaya bənzəyir. Məsələ ondan ibarətdir ki, müxalifət prezidentin istefasından başqa bir variantla razılaşmır. M.Saakaşvili müxalifətlə danışmağa hazır olduğunu bir neçə dəfə deyib. Hətta istefa məsələsini belə müzakirə edə biləcəklərini çatdırıb. Lakin müxalifət “Nuh deyir, peyğəmbər demir”. Bundan o nəticəni çıxarırlar ki, Gürcüstanda müxalifətin davranışları öncədən planlaşdırılıb və əsas məqsəd ortalığı qarışdırmaqdır. Bu səbəbdən kütləvi aksiyaları yatırmaq təkcə Gürcüstanın işi olmur. Burada beynəlxalq birliyin təpkisi və dəstəyinin böyük əhəmiyyəti vardır. Gürcüstanın reinteqrasiya nazirinin verdiyi bəyanat da bu məqamlara bağlıdır. İndi əsas təhlükəni rəsmi Tbilisi münaqişə olan bölgələrdən gözləyir. Rəsmi orqanlar silahlıları neytrallaşdırmağa çalışır. Bunun üçün bütün ölkə boyu əməliyyatlar həyata keçirilir. Bu əməliyyatların nə dərəcədə effektli olacağını zaman göstərəcək. Lakin rəsmi Moskvanın bunlarla kifayətlənəcəyini gözləmək sadəlöhvlük olardı. Gürcüstanda daha geniş miqyasda çaxnaşmaların yaranması təhlükəsi keçməyib. Rusiyanın ilk növbədə qeyri-gürcülər yaşayan yerlərdə aranı qatması mümkündür. Bu aspektdə öncə Cavaxetiya ağıla gəlir. Rusların Abxaziya və Güney Osetiyanı birbaşa münaqişəyə qatması az inandırıcıdır. Oralarda onsuz da durum ciddidir. Həm də bu iki qurumun adı çoxdan hallanır. Rusiyanın ehtiyat variantı olaraq Cavaxetiya qalır. Təxribatın əsas hissəsi də oradan ola bilər. Məlumdur ki, müxalifəti seçkidə dəstəkləyən bölgələrdən biri də Cavaxetiya olmuşdu. İndi kütləvi aksiyaların vüsət aldığı bir zamanda oradakı qruplaşmalar fəallaşdırıla bilər. İqtidarın milli azlıqlara qarşı yeritdiyi siyasəti tənqid edənlər həm də ermənilərin separatizminə əsaslanırlar. Cavaxetiyada aranın qarışması həm də beynəlxalq enerji layihələrinə əngəl olmaq şansı verir. Rusiya münaqişə zonalarında canlı qüvvəsini hərəkətə gətirməklə yanaşı, Cavaxetiyadkı erməni qruplaşmalarını silahla təmin etməkdədir. Zatən, bu proses orada çoxdan gedir. İndi Cavaxetiyada kifayət qədər silah ehtiyatı vardır. Erməni qrupları dəfələrlə rəsmi Tbilisini hədələyib. Bu dəfə Rusiyanın dəstəyi ilə ermənilərin ayağa qalxması gözləniləndir. Görünür, əsas hadisələr Tbilisidən deyil, Cavaxetiyadan başlaya bilər. Milli azlıqların hüquqları məsələsini ortaya atıb, mərkəzi hakimiyyətə qarşı radikal addımlar atıla bilər. Bu zaman ermənilərin müxalifətdəki qruplardan birini dəstəkləməsi adı altında hərəkət etməsi mümkündür. Prosesin sonunda isə onların abxazlar kimi davranması istisna deyil. Əgər Gürcüstanda vəziyyət qarışsa, ermənilərin müstəqillik tələbində bulunması ən çox gözlənilən variantlardandır. Bununla Gürcüstanda yeni bir səviyyədə daxili çatışmalar yarana bilər. Təəssüfedici haldır ki, Gürcüstanda bu oyunlarda siyasi müxalifətdən istifadə edirlər. Cəmiyyətdə düşmənçilik yarada biləcək bu tendensiyanın nə dərəcədə təhlükəli olduğunu təsəvvür etmək gərəkdir. Ola bilsin ki, Gürcüstanda daxili problemlər az deyil, ancaq onları kənar sifarişlə deyil, dialoqla həll etmək gərəkdir.
Bu olayların fonunda Gürcüstanda aksiyaların davam etməsi müəyyən insidentlərlə müşaiyət olunur. Müxalifət meydandakı mətbuat mərkəzinin dağıdıldığı haqqında informasiya yayıb. Onların olduğu çadıra bir neçə adam yaxınlaşıb, bütün ləvazimatları məhv ediblər. Bunun ardınca müxalifət tərəfdaşlarını geri çağırıblar. Aksiyaların davam etməsi qərara alınıb. Bu durumdan sonra proseslərin necə davam edəcəyini gözləmək lazımdır.       

                                                                                                                                                       Orxan Güneyli - Olaylar



DOSTLARINLA PAYLAŞ:

oyunlar