“YouTube” və “LiveJournal” qadağan edilib
25 Dekabr 2009 Cümə 14:40
Türkmənistanda “YouTube” video servisinə və bloggerlər üçün olan “LiveJournal” saytına giriş qadağan edilib.
"Türkməntelekom"un bu qərarının səbəbi açıqlanmır. Bu barədə məlumatı “Ferqane.ru” agentliyi yayıb. Agentliyin məlumatına görə, bu qərarı ölkədə yeganə internet provayderi olan “Türkməntelekom” verib.
Bəzi başqa saytlara da məhdudiyyətlər qoyulub. Belə ki, Türkmənistanda korporativ şəbəkəsi olan bir çox əcnəbi şirkət saytına daxil ola bilmir. Hələlik bu addımın səbəbi isə açıqlanmır.
Xatırladaq ki, 2000-ci ildə eks prezident Saparmurad Niyazovun dövründə internetə azad daxil olmaq qadağan edilmişdi. Niyazovun ölümündən sonra prezident seçilən Qurbanqulu Berdımuhəmmədov vətəndaşların internetdən sərbəst istifadəsinə icazə verib. Bundan sonra hətta Aşqabadda internet kafelər də açıldı. Lakin hələ də bəzi əcnəbi resurslara (xüsusilə elektron KİV-ə) daxil olmağa məhdudiyyətlər qoyulub.
2009-cu ildə beynəlxalq təşkilat olan “Jurnalistlərin müdafiəsi komitəsi” Türkmənistanı bloggerlər üçün ən pis ölkələr siyahısına salıb. Bu ölkə həm də “Sərhədsiz jurnalistlər”in reytinqində “internetin düşməni” siyahısına düşüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: