İlin birinci yarısında rəqəmsal yayın bütün ölkəni əhatə edəcək
02 Yanvar 2012 Bazar Ertəsi 13:05
İltimas Məmmədov: Texniki imkanlar daxilində Abşeronda yayılan rəqəmsal telekanalların sayı 24-ə çatdırılacaq.
Cari ilin birinci yarısında ölkə ərazisinin rəqəmsal televiziya yayınları ilə əhatə olunması 100%-ə çatdırılacaq. Bu barədə ANS PRESS-ə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
Onun sözlərinə görə, bununla bağlı texniki hazırlıq işləri gedir və əhaliyə Milli Tele Radio Şurası (MTRŞ) ilə razılaşdırılmış və 10 telekanalı əhatə edən sosial paket təqdim ediləcək. "Ölkə üzrə hər yerdə 9 yerli kanalın və Türkiyənin "TRT" kanalının rəqəmsal yayını təşkil ediləcək",- deyə nazir müavini vurğulayıb.
Nazir müavini qeyd edib ki, hazırda Azərbaycan əhalisinin 85%-ə qədəri rəqəmsal televiziya yayın siqnalından istifadə etmək imkanına malikdir, Bakıda və Sumqayıtda isə hazırda rəqəmsal formatda 12 kanal yayılır. "Hazırda Abşeron yarımadasında sosial paketdə nəzərdə tutulandan əlavə bir Türkiyə və bir Rusiya kanalı da yayılır. Gələcəkdə texniki imkanlar olduqda, MTRŞ-lə razılaşdırmaqla Abşeron yarımadasında bu kanalların sayını 24-ə çatdırmaq nəzərdə tutulur",- deyə nazir müavini vurğulayıb.
Qeyd edək ki, rəqəmsal televiziyaların yayını MPEG-4 standartı əsasında gerçəkləşdirilir. Adi telivizorların rəqəmsal televiziya standartlarına keçidi üçün əhali dekoderlər əldə etməlidir.
DOSTLARINLA PAYLAŞ: