Azərbaycanda beynəlxalq İKT sərgisi keçirilir
04 Noyabr 2009 Çərşənbə 11:25
Bu gün Bakıda XV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı («Bakutel-2009») işə başlayıb.
«APA-ECONOMICS»in məlumatına görə, Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə keçirilən bu yubiley sərgi noyabrın 7-dək davam edəcək.

«APA-ECONOMICS»in məlumatına görə, sərgidə 15 ölkədən 100-dən artıq şirkət iştirak edir. Belə ki, sərgi iştirakçıları sırasında Azərbaycanın mobil rabitə operatorları «Azercell», «Azerfon», «Bakcell», telekommunikasiya və informasiya texnologiyaları şirkətləri olan «Aztelecom», Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, «Delta Telecom», «Iskratel», «Microsoft», «Ultra», «Nokia Siemens Networks», «Caspel», «Bestcomp Group», «R.I.S.K.», «Sinam», «Smart Systems Technology», həmçinin «ZTE Corporation», «Caspian Navtel», «Idrak Technology Transfer», «Headtechnology», «IT Solutions», «Silverkey Azerbaijan», «Pirelli Broadband Solution», «Özkabel» və s. şirkətlər var.

Sərgidə yeni İKT məhsullarının təqdimat mərasimlərinin keçirilməsi də planlaşdırılır. Belə ki, həll variantları, ultramüasir texnikalar sərginin 40%-ni təşkil edir və yeni informasiya və kommunikasiya texnologiyaları məhsulları ilk dəfə Azərbaycan bazarında təqdim olunacaq.

Ümumilikdə, sərgidə telekommunikasiyalar və şəbəkələr, geniş zolaqlı rabitə texnologiyaları, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlıq və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyalar, təhlükəsizlik sistemləri, bank texnologiyaları və bank xidmətləri, elektron biznes və elektron hökumət kimi məhsul və xidmətlər nümayiş olunur.

Qeyd edək ki, «BakuTel 2009» sərgisi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), İnformasiya və Rabitə Texnologiyaları və İnkişaf üzrə Qlobal İttifaq (GAID), BMT, Rabitə sahəsində Regional Birlik (RCC), Azərbaycan Ticarət və Sənaye Palatası və Azərbaycan Sahibkarlar Konfederasiyasının rəsmi dəstəyi ilə təşkil olunub.

Xatırladaq ki, son 15 il ərzində «Bakutel» sərgisində 26 ölkədən 800 şirkət iştirak edib.

Sərgidə iştirak etmək məqsədilə Ümumdünya Telekommunikasiya İttifaqının baş direktoru Xamadun Ture Azərbaycana gəlib.

Qeyd edək ki, noyabrın 4-7-də həmçinin II «Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri» (CİPS - 2009) sərgisi keçirilir. «CIPS – 2009» sərgisində xilasetmə, yanğından mühafizə, kompüterlərin mühafizəsi vasitələrinin inkişafında əldə olunmuş nailiyyətlərin nümayişi nəzərdə tutulur. Sərgidə xüsusi nəqliyyat vasitələri, sənaye casusluğuna qarşı müqavimət, rabitə və xəbərdarlıq, icazəsiz daxilolmalar əleyhinə siqnalizasiya sistemlərinin texniki xüsusiyyətləri nümayiş etdiriləcək. Bu il həmçinin xüsusilə video-müşahidə və nəzarət sistemləri geniş şəkildə təqdim olunacaq. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar