Zibildən də elektrik enerjisi istehsal ediləcək
28 İyul 2009 Çərşənbə Axşamı 23:10
Balaxanıda bərk məişət tullantılarının yandırılması zavodunun inşası üçün hazırlıqlara başlanılıb

 

Balaxanıda bərk məişət tullantılarının yandırılması zavodunun inşası üçün hazırlıqlara başlanılıb. Bu yaxınlarda təməli qoyulacaq zavod təqribən 3 ildən sonra istismara veriləcək. Beynəlxalq təcrübəni əsas gətirən podratçı şirkət zavodun rentabelli işləyəcəyini proqnozlaşdırır.

Podratçı Fransanın «Knim» şirkətidir. Şirkətin beynəlxalq layihələr üzrə direktoru Andre Bertenin bildirdiyinə görə, zavod üçün ayrılmış sahədə artıq geoloji və topoqrafik tədqiqatlar tamamlanıb, tikinti üçün torpaq işlərinə start verilib. Ərazidə müvəqqəti ofis də qurulub.

Zavodun inşası və istismarı zamanı işçilərin əksəriyyətinin Azərbaycan vətəndaşları olacağını bildirən Andre Berte qarşıdakı 20 ildə müəssisənin onlar tərəfindən istismar olunacağını qeyd edib. Podratçı şirkət bu dövrdə yerli kadrların hazırlanması, zavodun iqtisadi və ekoloji baxımdan səmərəli fəaliyyətini təmin etmək öhdəliyi götürüb.

«Zavodun layihələndirilməsi, inşası və istismarında əsas diqqət ətraf mühitin qorunmasına yönəldilir. Əminliklə deyə bilərəm ki, zavod ən yüksək Avropa ekoloji standartlarına cavab verəcək. Sifarişçinin tələbiylə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə sənəd hazırlanacaq», - deyə Andre Berte qeyd edib.

Onun sözlərinə görə, 2012-ci ildə istismara veriləcək zavod Abşeron yarımadasında ekoloji vəziyyətin əsaslı yaxşılaşmasına imkan verəcək. 40 ölkədə100-dən çox zibil yandırma zavodu tikən şirkət Azərbaycanda son texnologiyadan istifadə etməklə 2 xətt istismara verəcək. Sonradan 3-cü xəttin də işə salınması üçün baza yaradılacaq.

Zavod istismara verilənə qədər Bakıda bir neçə çeşidləmə məntəqəsinin yaradılması nəzərdə tutulur və bu məntəqələrdə zibil növlər üzrə ayrılacaq.

Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyi ilə Fransa şirkəti arasında imzalanmış müqaviləyə əsasən zavodun inşası Azərbaycan hökumətinə 346 milyon avroya başa gələcək. Texniki iqtisadi əsaslandırma sənədinə görə, tullantıların yandırılmasından ildə 231,5 milyon kilovat/saat elektrik enerjisi alınacaq. Bu da indiki tariflərlə 14 milyon manatdan artıq gəlir deməkdir. Mütəxəssislər bərk məişət tullantılarının yandırılmasından alınan küldən yol tikintisində də istifadə olunacağını bildirirlər. Ümumilikdə zavodun 30 il istismar ediləcəyi nəzərdə tutulur. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar