Radioquraşdırma zavodunun açılışı olub
16 Mart 2009 Bazar Ertəsi 16:20
Dövlət başçısına Müdafiə Sənayesi Nazirliyi yaradılandan bəri görülən işlər barədə ətraflı məlumat verilib

 

Prezident İlham Əliyev bu gün Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyinin əsaslı yenidənqurmadan sonra istifadəyə verilən “Radioquraşdırma” zavodunun açılışında iştirak edib. O, zavodun açılışını bildirən lenti kəsib və müəssisə ilə tanış olub. Prezidentə bu müəssisə, habelə Müdafiə Sənayesi Nazirliyi yaradılandan, yəni 2005-ci ildən bəri görülən işlər barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Ali baş komandan bu sahənin inkişafına xüsusi diqqət yetirir və qısa müddətdə ölkənin müdafiə sənayesinin formalaşdırılması üçün mühüm tədbirlər həyata keçirib. Nazirliyin tabeliyindəki müəssisələrdə 16 istehsal sahəsi istifadəyə verilib, ən müasir tələblərə cavab verən müdafiə təyinatlı məhsulların kütləvi istehsalına başlanılıb. Dövlət başçısının tapşırıqlarına əsasən, 2009-cu il üçün investisiya proqramı çərçivəsində 17 obyekt üzrə tikinti və yenidənqurma işlərinə başlanması nəzərdə tutulub.

Dövlət müdafiə sifarişi proqramına əsasən, 2007-ci ildə 213 adda, 2008-ci ildə isə 300 adda müdafiə təyinatlı məhsul və onların ehtiyat hissələri istehsal edilərək güc strukturlarına təhvil verilib. Atıcı silahların, yaxın məsafəli döyüş vasitələrinin, artilleriya silahlarının kiçik seriyalarla istehsalı da mənimsənilib. Bundan başqa, böyük miqdarda müxtəlif çaplı döyüş sursatları istehsal edilərək sifarişçilərə çatdırılıb, müdafiə sənayesi müəssisələrində mühəndis texnikası, mühəndis döyüş və təlim sursatları, mühəndis xidməti və kəşfiyyat vasitələrinin istehsalı da təmin edilib.

Ötən il sifarişçilərə təhvil verilən müdafiə təyinatlı məhsulların həcmi 2005-ci illə müqayisədə 6,1 dəfə artıb. Cari ildə isə 435 adda müdafiə təyinatlı məhsulların və onların ehtiyat hissələrinin istehsalı nəzərdə tutulub. Bunlardan ən müasir tipli zirehli transportyorların yığımını, müxtəlif növ tank əleyhinə minaları, optik nişangahları, aviasiya təlim bombalarını və s. göstərmək olar. İndiyədək Almaniya, ABŞ, İsveçrə, Avstriya, İtaliya, Ukrayna, Türkiyə, Çin, Rusiya, Belarus, Koreya Respublikası və digər ölkələrdən 163 dəzgah və texnoloji avadanlıq, 5000-dən çox isə müxtəlif növ alətlər alınıb. Daha 7 növ müdafiə təyinatlı məhsul istehsalı sahəsinin yaradılması üçün texnoloji avadanlığın alınaraq quraşdırılması 2009-cu ildə başa çatdırılacaq. Cari ildə müdafiə sənayesi müəssisələrində mülki məhsulların istehsalını da genişləndirmək üçün silsilə tədbirlər nəzərdə tutulub.

Prezident İlham Əliyevə Azərbaycanda radio sənayesinin ilk müəssisəsi olan Bakı radio zavodu 1947-ci ildə Yеrli Sənаyе Nаzirliyinin tаbеliyində yaradılması barədə məlumat verilib. Müxtəlif vaxtlarda burada “Bakı-48”, “Araz” radioqbulediciləri, “Araz-M”, “Bakı-58” radioları, “KVN”, “Rekord-12”, “Aelita”, “Qranit” televizorları, “Xəzər” tranzistoru (xarici ölkələrə də göndərilirdi), universal hesablayan elektron maşınları (HEM) istehsal olunub. 1980-cı ildən zavodda SSRİ Rаdiоsənаyеsi Nаzirliyinin müəssisələrində buraxılan müxtəlif növ HEM-lərin elektron avadanlıqlarının istehsalına başlanılıb.1984-cü ildə müəssisə “Robot” zavodu ilə birləşdirilərək, “Radioquraşdırma” Bakı İstehsalat Birliyi adlandırılıb. 1991-ci ildən rеspublikа Nаzirlər Kаbinеtinin, 1993-cü ilin аvqustundan Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tаbеliyində olub. 2006-cı ildən zаvоd Müdаfiə Sənаyеsi Nаzirliyinin tаbеliyindədir.

“Radioquraşdırma” zavodunda, ümumilikdə, 26 adda məhsul buraxılır. İllik istehsalın həcmi 10 milyon manatı ötüb. Məhsullar ölkənin güc strukturlarında istifadə edilir və ən yüksək taktiki-texniki xüsusiyyətlərə malikdir. Hazırda zavodda 350 nəfər işlə təmin olunub.
Prezident İlham Əliyev zavodun əvvəlki vəziyyətini əks etdirən kadrlara, müəssisənin buraxdığı məhsulların sərgisinə baxıb. Prezident İlham Əliyev müəssisə ilə tanışlıqdan razılığını bildirib və əlavə tapşırıqlarını verib./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar