«Xalq Kompüteri» layihəsinin növbəti mərhələsinə start verilir
17 Noyabr 2009 Çərşənbə Axşamı 15:25
Noyabrın 18-dən etibarən «Xalq Kompüteri» layihəsinin növbəti mərhələsinə start verilir.
 «APA-ECONOMICS»in məlumatına görə, bunu bu gün «Aztelekom» İstehsalat Birliyində keçirilən mətbuat konfransında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov bildirib.

Layihənin icrasında iştirak edən «Bestcomp» şirkətinin direktoru Rauf Həsənovun sözlərinə görə, pilot layihə çərçivəsində 1,850 mln. manat həcmində investisiya qoyulub və 500-700 manat qiymətində 3500 kompüter satılıb, onların əksəriyyəti isə (834 ədəd) Bakıda realizə edilib.

«HP-Azerbaijan» şirkətinin biznes inkişafı üzrə meneceri Rasim Baxşının sözlərinə görə, yeni mərhələdə layihə çərçivəsində kompüterlər ali məktəb müəllimlərinə və tibb işçilərinə təqdim ediləcək və onların qiyməti dəyişməyəcək, konfiqurasiyaları gücləndiriləcək. Belə ki, artıq 2 GB əməliyyat yaddaşının əvəzinə 3 GB əməliyyat yaddaşı olan kompüterlər təqdim ediləcək. Bununla yanaşı, layihədə iştirak etmək üçün iki şirkət - «Symantec» və «KÜR» şirkəti təşəbbüs irəli sürüb. Belə ki, birincisi «Norton Antivirus» proqramlarını layihə çərçivəsində güzəştli şərtlərlə (ayda 35 qəpik), yerli zavod isə 1 və 4 portlu ADSL modemlərini müvafiq olaraq ayda 2,8 manat və 3,5 manat ödəməklə almağı təklif edir.

Bundan başqa, layihə çərçivəsində kompüter alanlara 1 aylıq pulsuz internet xidmətləri təqdim edilir. «Aztelekom» və «Bakinternet» provayderləri tərəfindən 3, 6 və 9 ay ərzində kompüterin dəyərini ödəyənlərə müvafiq olaraq koper-printer, printer və flash-kart hədiyyə olunacaq.

Tədbirdə iştirak edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bu, cəmiyyətə tələb olunan layihədir: «Hazırda Azərbaycanda hər 100 nəfərin payına 8 kompüter düşür və bizim məqsədimiz bu göstəricini artırmaqdır. Layihənin ümumi məqsədi isə sosial yönümdədir və insanların informasiyaə əldə edilməsini təmin etməkdir. Eyni zamanda, layihə əhali arasında yeni mədəniyyətin formalaşmasına yönəlib ki, bu da hüquqi zəmində proqram təminatından istifadə mədəniyyətidir».

Layihənin nəticələrinin müzakirəsində iştirak edən «Microsoft-Azerbaijan» şirkətinin layihə meneceri Emin Axundov bu təşəbbüsün rəqəmsal fərqin aradan qaldırılmasında mühüm rol oynadığını, regionlarda yaşayan müəllimlərin «Azərpoçt» şəbəkəsi vasitəsi ilə kompüterlərlə təmin edildiyini bildirib.

HP şirkətinin MDB ölkələri üzrə nümayəndəsi Sergey Plaksin layihənin Şərqi Avropada analoqunun olmadığını və gələcəkdə şirkətin məhsul çeşidinin genişləndirilməsi ilə yanaşı funksional və məhsuldarlı çeşid təqdim etməyə hazır olduğunu vurğulayıb.

Tədbirdə həmçinin Təhsil Nazirliyi, «KÜR» və «Symantec» şirkətlərinin nümayəndələri iştirak edib.

Layihənin şərtlərinə əsasən, müəllimlərə «Microsoft» şirkətinin lisenziyalı proqram təminatlı HP şirkətinin mini-noutlar, noutbuklar və stolüstü kompüterləri təklif edilib. Müəllimlər bütün avadanlıqları 12 ay müddətinə faizsiz kreditlə əldə edib. «Xalq Kompüteri» çərçivəsində təqdim edilən kompüterlərin məbləği bazar qiymətlərindən 25-40% aşağı olub. Bundan başqa, layihənin iştirakçılarına «Aztelekom.net» və «Bakinternet»dən internetə qoşulmaq üçün pulsuz kartlar təqdim olunub. Kompüterlərin tədarükü «Bestcomp Group» şirkəti tərəfindən həyata keçirilib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar