«Volkswagen» bazara yeni avtomobil modeli çıxarır
23 Avqust 2011 Çərşənbə Axşamı 12:12
«Volkswagen» bazara yeni avtomobil modeli çıxarır


Bakı. Nicat Musatfayev – APA-Economics. Almaniyanın «Volkswagen» şirkəti istehsal edəcək yeni kiçik həcmli avtomobil modeli barədə rəsmi məlumat yayıb.

«APA-Economics»in məlumatına görə, «Volkswagen Up!» adlanacaq yeni model 2011-ci ilin sentyabr ayında Frankfurtda (Almaniya) keçiriləcək beynəlxalq avtomobil sərgisində nümayiş olunacaq.

Yeni avtomobilin uzunluğu 3,54 metr, eni – 1,64 metr, hündürlüyü – 1,48 metr, çarx bazası isə 2,42 metr təşkil edir. Bununla da, yeni «Up!» modeli «Volkswagen Polo» üçqapılı xetç-bekdən 430 mm qısa, 40 mm ensiz, 20 mm hündür olacaq, çarx bazası isə 50 mm az olacaq. Yeni modelin baqajının həcmi 251 litr, arxa oturacaqların yığılmasından sonra isə 951 litr təşkil edəcək.

«Volkswagen Up!» modeli iki variantda istehsal olunacaq ki, hər iki variantda 1 litrlik həcmdə olan benzin mühərrik quraşdırılacaq. Buna baxmayaraq variantlardan asılı olaraq mühərrikin at gücü 60 və 75 təşkil edəcək. İlk öncə yeni avtomobil modeli yalnız 5 pilləli mexaniki sürət qutu, daha sonra isə avtomatik sürət qutusu ilə təklif olunacaq.

Avtomobil mühərrikdən asılı olaraq 100 km məsafəyə 4,2-4,3 litr yanacaq sərf edəcək.

Bundan başqa, «Volkswagen Up!»ın təbii qazla işləyən və mühərriki 68 at gücünə bərabər olan versiyası da istehsal olunacaq, 2013-cü ildə isə «Up!» modelinin elektromobil versiyası da təklif olunacaq.

Yeni model 30 km/saat sürət zamanı şəhər içində yol qəzalarının qarşısını alma sistemilə təchiz olunub. Bu sistem quraşdırılmış lazer vasitəsilə avtomobil yolunda vəziyyəti müşahidə edir və hər bir hansı təhlükə yarandığı halda avtomobil özbaşına dayana bilər.

«Volkswagen Up!»ın istehsalı Slovakiya zavodunda həyata keçiriləcək. Yeni model Avropa bazarına artıq dekabr ayında satışa çıxarılacaq. Avtomobilin rəsmi qiyməti hələ açıqlanmasa da, mütəxəssislərin fikrincə, «Volkswagen Up!»ın təxminən 9,5 min avroya əldə etmək mümkün olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar