Türkiyədə 9 yaşlı azərbaycanlı qıza 5 yaşlı qardaşından ilik köçürüləcək
28 May 2012 Bazar Ertəsi 11:30
Əməliyyat 120 min manata başa gələcək.
Türkiyənin İzmir şəhərində 9 yaşlı azərbaycanlı Səbinə Pənahlıya 5 yaşlı qardaşı Muraddan ilik köçürüləcək. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyat Ege Universiteti Tibb Fakültəsinin Xəstəxanasında gerçəkləşdiriləcək.
Həmin xəstəxanada aparılan araşdırmalar və analizlər nəticəsində Muraddan götürüləcək iliyin bacısının orqanizminə 100 faiz uyğun gəldiyi müəyyənləşib.
İlik köçürülməsi bu həftə ərzində həyata keçiriləcək.
9 yaşlı Səbinə Pənahlının atası Adil Pənahlı xəstəxananın ilik köçürülməsi əməliyyatından ötrü ondan 250 min lirə (təxminən 120 min manat) istədiyini bildirib: “Amma mənim bu qədər pulum yoxdur. İctimai Təhlükəsizlik Təşkilatının (Sosyal Güvenlik Kurumu) İzmirdəki səlahiyyətli şəxsləri ilə görüşüb kömək istəyəcəyəm. İzmirli xeyirxah insanlardan da dəstək istəyirəm. Düzdür, pul yığmışam, amma çatmır. Xəstəxanadan qiymətdə güzəşt etməsini istəyəcəyəm. Olmasa da varımı, yoxumu xərcləyəcəyəm, təki qızım sağlam olsun”.
DOSTLARINLA PAYLAŞ: