Türkiyə milli pulemyot istehsalına başlayır
29 Dekabr 2011 Cümə Axşamı 12:20
Türkiyə müdafiə sənayesi quru qüvvələri üçün Milli Modern Pulemyotun istehsalına başlayır.
APA-nın məlumatına görə, ötən gün Ankarada bununla əlaqədar Müdafiə Sənayesi Katibliyi, Makina və Kimya Sənayesi Təşkilatı (MKEK) və «Kale Kalıp» şirkəti arasında pulemyotun yaradılmasına dair müqavilə imzalanıb.
Pulemyotun yaradılmasına 25,2 milyon lirə vəsait ayrılıb. 2012-ci ilin yanvar ayında start götürəcək layihə çərçivəsində silahın prototiplərinin yaradılması maksimum 2015-ci ilin sonunadək davam edəcək.
MKEK baş direktoru Ünal Önsipahioğlu Modern Pulemyotun mövcud bütün analoqlarının ən yaxşı özəlliklərini özündə birləşdirəcəyini qeyd edib. Artıq MKEK bu silahla bağlı türkdilli ölkələr və ərəb dövlətləri ilə görüşlərin keçirildiyini də söyləyib.
Modern Pulemyotun 7,62 mm çaplı güllələrdən dəqiqədə 750 atəş açmaq, 1000 metr məsafədəki hədəfləri vurmaq qabiliyyəti olacaq. Pulemyotun lüləsinin atış ömrü digərlərindən çox olacaq, hətta dəyişdirilə biləcək.
Qeyd edək ki, hazırda MKEK tərəfindən Almaniyanın «Rheinmetall AG» şirkətinin lisenziyası əsasında 7,62 mm-lik MG3 pulemyotları istehsal edilir.
DOSTLARINLA PAYLAŞ: