«Toyota» 50 min avtomobilini geri çağırır
29 Aprel 2010 Cümə Axşamı 11:05
Yaponiyanın «Toyota Motor» avtomobil şirkəti ağır yol şəraiti üçün nəzərdə tutulan 50 min avtomobil modelini geri çağırıb.
«APA-ECONOMICS»in «Associated Press» agentliyinə istinadən verdiyi məlumata görə, söhbət ABŞ-da satılan «Toyota Sequoia» modelindən gedir.
Geriçağırmaya səbəb avtomobil modelinin idarəetmə stabilizasiya sisteminin təkmilləşdirilməsi olub. Şirkət 2003-cü ildə istehsal olunmuş «Sequoia» modellərini geri çağırır. Belə ki, bu modellərdə avtomobilin aşağı sürətlə getməsi zamanı sürətin artırılmasında problem yaran bilər.
Qeyd edək ki, son bir il ərzində «Toyota Motor» şirkəti dünya avtomobil bazarından təxminən 9 mln. avtomobil geri çağırıb. Geriçağırma Azərbaycan bazarından da yan keçməyib. Belə ki, 2010-cu ilin fevral ayında «Toyota Motor»un Azərbaycandakı rəsmi dileri olan «Toyota Bakı Mərkəzi» «Corolla» və «RAV4» modellərində yaranmış texniki problemlərlə bağlı bu modellərin bir qismini geri çağırıb.
Əyləc sistemində üzə çıxan problem və bu problemlə əlaqədar geriçağırma kampaniyası 2005-ci ilin oktyabr ayından 2009-cu ilin dekabr ayınadək istehsal olunan «Toyota Corolla» modellərinə, həmçinin 2005-ci ilin noyabr ayından 2009-cu ilin noyabr ayınadək istehsal olunan «RAV4» modellərinə aid olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: