Təyyarədə namaz vaxtını hesablayan kalkulyator
21 Aprel 2012 Şənbə 07:21
Bu sistem uçuş vaxtı müsəlmanlara ibadət zamanını dəqiqləşdirməyə imkan verir.
Dünyada ilk dəfə olaraq havada namazın vaxtını ölçən proqram hazırlanıb. “The Economist”in məlumatına görə, bu sistem təyyarədə uçuş zamanı müsəlmanlara ibadət zamanını dəqiqləşdirməyə imkan verir.

Sinqapurun “Crescentrating” şirkətinin hazırladığı “Air Travel Prayer Time Calculator” saat zolaqlarının arasında namazın dəqiq vaxtını hesablayır. Bu zaman uçuşun başladığı və qurtaracağı ölkələrdə namaz vaxtı əsas götürülür və uyğun alqoritm qurulur.

Mövcud proqram göydə olarkən insanların Yerə nisbətən harda olduqlarını fiksə edir. İndiyə kimi bəziləri getdikləri ölkənin namaz saatını, bəziləri isə çıxdıqları yerin vaxtını əsas götürürdülər.

Bəziləri isə uçuş zamanı günəşin görünməsi əsasında namazı qılırdı. İndi isə səyahətə çıxmazdan əvvəl online kalkulyatorun köməyilə lazımi vaxtı əvvəlcədən ölçmək olar. Müsəlman biləcək ki, uçuşun hansı dəqiqəsində namaza durmalıdır.

Şirkət gələcəkdə uçuş zamanı qibləni göstərən proqram hazırlamağı da planlaşdırır. Hava şirkətləri hesab edir ki, bu proqrama tələbat böyük olacaq.

2010-cu ilin statistik məlumatlarına görə, müsəlmanlar səyahətlərə 100 milyard ABŞ dollar sərf ediblər. Bu dünya əhalisinin eyni məqsədə xərclədiyi vəsaitin 10 faizidir. 2020-ci ilə kimi bu göstəricinin 15 faizə atacağı proqnozlaşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar