"TeliaSonera" qrupuna aid şirkətlər vahid brend altında birləşdilər
12 May 2011 Cümə Axşamı 11:05
Şirkətin 18 ən böyük rabitə operatoru vahid brend altında fəaliyyət göstərəcək
Bu gün "TeliaSonera" şirkəti öz əməliyyatlarını ümumi brend altında birləşdirməklə öz tarixində çox mühüm bir addım atdı. Bu brend şirkətin beynəlxalq gücünün və ayrı-ayrı ölkələrdə həyata keçirdiyi fəaliyyətlərin lokal xüsusiyyətlərinin unikal vəhdətini ifadə edir. Yeni imic həmçinin "TeliaSonera"nın telekommunikasiya sahəsinin öncüllərindən biri kimi rolunu da vurğulayır. Brend yeniləməsi ilə birlikdə, "TeliaSonera" Skandinaviya və Baltikyanı ölkələrində rominq xidmətlərinə dair hazırda mövcud olan təkliflər arasında ən sərfəli olanı həyata keçirir.
Azercell Telekom MMC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu gündən etibarən, "TeliaSonera"nın bölmələri olan 18 ən böyük rabitə operatoru vahid brend altında fəaliyyət göstərəcəklər. Bu brend 2009-cu ildən etibarən şirkətin Avrasiyada inkişaf etməkdə olan bazarlarında fəaliyyət göstərən operatorlarında tətbiq edilir. İndi isə, bu brend Skandinaviya və Baltikyanı ölkələrdə çalışan şirkətlərdə də istifadə olunacaq (*). Bu yenilik üç yüzdən artıq ticarət məntəqəsində, minlərlə lövhələrdə və beş yüzə qədər elektron interfeysdə, o cümlədən həmin ölkələrdə hər ay təxminən yeddi milyon istifadəçinin baş çəkdiyi "TeliaSonera" İnternet səhifələrində brend yeniləməsinin aparılmasına səbəb olub.
"Skandinaviya, Baltikyanı və Avrasiya ölkələrində bizim brendə vahid görünüşün verilməsi "TeliaSonera"nın beynəlxalq telekommunikasiya bazarında əsas iştirakçılardan biri kimi inkişafında növbəti addımdır. Müştərilərimiz eyni vaxtda bir neçə bazarda innovativ xidmətlər, ən müasir texnologiyalar təklif edən və cəlbedici təkliflər irəli sürən, həmçinin hər bir bazarın ehtiyaclarını və vəziyyətini nəzərə almaqla həllər yaradan beynəlxalq şirkətlə işləməyin üstünlüklərindən faydalanırlar",-deyə "TeliaSonera"nın prezidenti və Baş icraçı direktoru Lars Nüberq bildirib.
Onun sözlərinə görə, bu gün "TeliaSonera" Skandinaviya və Baltikyanı ölkələrdə rominq qiymətlərini 85%-dən çox aşağı salınıb: "Bu, "TeliaSonera" müştərilərinin faydalandıqları üstünlüklərin bariz nümunəsidir. Qiymətlərin bu şəkildə aşağı salınması həmin ölkələrin bazarlarında bizim güclü mövqeyimiz sayəsində mümkün olmuşdur.
Skandinaviyadan Nepala qədər on ildən az bir müddətdə "TeliaSonera" Avropa və Asiyada aparıcı telekommunikasiya şirkətlərindən birinə çevrilib. Son bir neçə ildə "TeliaSonera" dünyada ilk dəfə olaraq LTE texnologiyası əsasında dördüncü nəsil rabitə xidmətlərini istismara verib, rəqəmsal kanalların və məlumat ötürmə xidmətlərinin topdansatış təminatı üzrə Avropada aparıcı mövqeyə malik məzmun təminatçısı yaradıb və Himalay dağlarında- dünyanın ən uca nöqtəsində məlumatların ötürülməsi üzrə sürətli mobil şəbəkə inşa edib. "TeliaSonera" qrupa aid şirkətlər Skandinaviyadan Baltikyanı ölkələrə, Orta Asiyadan Nepala qədər geniş ərazidə fəaliyyət göstərərək 150 milyondan çox abunəçiyə xidmət göstərirlər.
"TeliaSonera" qrupa aid brendlərin yeni vizual obrazı qlobal fəaliyyətlərin yerli iş metodu ilə unikal vəhdətini özündə əks etdirir və bu görüntü qrupun beynəlxalq telekommunikasiya arenasında mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edir. Bu obraz öz sahəsinin öncüllərindən və mobil rabitənin ixtiraçılarından, həmçinin dünyada informasiya cəmiyyətinin inkişafında aparıcı qüvvə olan "TeliaSonera"nın tarixini və irsini vurğulayır.
Şirkət prezidenti Lars Nüberq əlavə edib ki, son illər ərzində "TeliaSonera"nın vahid bir şirkət olması üçün çox səylər sərf edilib: "Bizim yeni vizual obrazımız ayrı-ayrı ölkələrdə fəaliyyətlərimizin birləşdirilməsi, beynəlxalq gücümüz və yerli iş üslubumuz sayəsində rəqabət üstünlüyünün əldə edilməsi və öz sahəmizdə ən cəlbedici brendin yaradılması istiqamətində atılan məntiqi addımdır".
(*) Yeni əmtəə nişanı 12 may 2011-ci il tarixindən etibarən Norveçdə "Netcom" və "NextGenTel" şirkətlərində, Danimarka və İsveçdə "Telia" şirkəti, Finlandiyada "Sonera" şirkəti, Estoniyada "EMT" və "Elion" şirkətləri, Litvada "Omnitel" şirkəti, həmçinin "TeliaSonera", "TeliaSonera Finans" və "TeliaSonera International Carrier" şirkətlərində tətbiq edilir. Bu brend artıq Kcell (Qazaxıstan), Geocell (Gürcüstan), Ncell (Nepal), Tcell (Tacikistan), Azercell (Azərbaycan) və Moldcell (Moldova) şirkətlərində istifadə olunmaqdadır, 2011-ci ilin iyun ayında isə, Özbəkistanın Ucell operatorunda tətbiq ediləcək. Bütün bu brendlər vahid rəngə (bənövşəyi), vahid dinamik simvola və ümumi qrafik üsluba malik olacaqlar.
Qeyd edək ki, "TeliaSonera" şirkəti Skandinaviya, Baltikyanı ölkələrdə, İspaniya və Avrasiyanın inkişaf etməkdə olan bazarlarında, o cümlədən Rusiya və Türkiyədə telekommunikasiya xidmətləri göstərir. Hazırda "TeliaSonera" ümumi əhalisi 460 milyondan çox olan 20 ölkədə fəaliyyət göstərir. Səhmləri "TeliaSonera"ya aid olan şirkətlərin abunəçilərinin sayı 2011-ci ilin birinci rübünə olan məlumatlara əsasən, 158 milyon təşkil edib. 2010-cu ildə "TeliaSonera"nın gəliri təxminən 15 milyard ABŞ dolları olub. Şirkətdə təxminən 29000 işçi çalışır. "TeliaSonera"nın səhmləri Stokholm və Helsinkidə NASDAQ OMX fond birjasında qeydiyyata alınıb.
Şirkətin əsas səhmdarları İsveç (37,3% səhmə və səsə malikdir) və Finlandiya dövlətidir (13,7%). 2011-ci ilin aprel ayının sonuna olan məlumatlara əsasən, "TeliaSonera"nın bazar dəyəri 35 milyard ABŞ dollarından artıq olub.
"TeliaSonera" şəbəkə girişi və telekommunikasiya xidmətləri göstərir ki, bu xidmətlər sayəsində insanlar və şirkətlər asan və effektiv şəkildə, ətraf mühitə ziyan vurmadan ünsiyyət qurmaq imkanı qazanırlar. "TeliaSonera" öz infrastrukturunun yüksək etibarlılığını təmin etmək, öz müştəriləri üçün dünya səviyyəsində xidmət göstərmək və misilsiz təcrübə nümayiş etdirmək üçün çalışır.
"TeliaSonera" qlobal strategiyaya malik beynəlxalq şirkətdir, ancaq o, hər bir bazarda yerli operator kimi fəaliyyət göstərir. Avrasiyanın inkişaf etməkdə olan bazarlarında "TeliaSonera" Qazaxıstanda (Kcell), Azərbaycanda (Azercell), Gürcüstanda (Geocell), Moldovada (Moldcell), Tacikistanda (Tcell), Özbəkistanda (Ucell) və Nepalda (Ncell) aparıcı mobil rabitə operatorlarının nəzarətli səhm paketlərinə malikdir. Bununla bərabər, TeliaSonera Rusiyada MegaFon-nin və Türkiyədə "Türkcell"in ən böyük minoritar səhmdarı, həmçinin Əfqanıstanda Roshan şirkətinin minoritar sərmayədarıdır. "TeliaSonera" şirkətinə dair daha geniş məlumat www.teliasonera.com səhifəsində mövcuddur.
DOSTLARINLA PAYLAŞ: