
İki-üç ilin söhbətidir, vağzal tərəfdə bir nəfər Dubaydan gətirdiyi dörd dənə təzə "N-95” telefonun birini 95 manatdan təklif edirdi. Dəhşət ucuz qiymətə idi, o vaxt “N-95”in biri dükanlarda 500-600 manata satılırdı. Satan adam telefonlarla bağlı heç bir problemin olmayacağına zəmanət verirdi və üstəlik ətrafdakıları inandırmaq üçün öz adına olan SİM kartı həmin telefonlara salıb ora-bura zəng vururdu: “Əgər bu telefonlarla bağlı hər hansı bir cinayət işi-filan olsa, sizdən öncə məni axtaracaqlar, çünki İMEİ kodu artıq mənim SİM kartımda qeyd edilib. Sadəcə, bu telefonlar ölkəyə gömrükdən kənar gətirilib, ona görə də İMEİ kodları qeydə alınmayıb. Yəni bu telefonlar Azərbaycanda itib eləsə, onları tapmaq mümkün olmayacaq”,- deyə ətrafdakılarını inandırırdı və tezliklə də telefonları satdı. Adamları tam inandırmaq üçün alqı-satqını şəxsiyyət vəsiqəsi ilə yaxınlıqdakı dükanların birində rəsmiləşdirdi. Alqı-satqı başa çatanadan və adamlar gedəndən sonra oğlanı yaxından tanıyanlardan biri malların oğurluq olduğunu demişdi: “Dubaydan oğurlanan mallardır, orda onları işlədə bilmirlər, ona görə də ölkədən kənara çıxarırlar. Bizim kimi ölkələrdə belə telefonları işlətəmək asandır, çünki telefonların İMEİ kodlarının qeydiyyatı üzrə mərkəzləşdirilmiş sistem yoxdur”.ANS PRESS-in araşdırmasına görə, dünyanan Böyük Britanya, Ukrayna və Türkiyə kimi bir çox ölkələrində İMEİ kodları qeydiyyatdan keçməyən mobil telefonları işlətmək qadağandır. İMEİ kodların qeydiyyatdan keçirilməsi zaman isə telefonun başqa ölkədə oğurlanmış olduğunu görmək asanlaşır, çünki bu cür qaydalara malik ölkələr oğurluq telefonların İMEİ kodları barədə məlumat mübadiləsi aparırlar. IMEI-kodlar əslində ingiliscə “International Mobile Equipment Identity”, yəni “mobil avadanlığın beynəlxalq identifikatoru” sözlərinin baş hərfidir və 15 rəqəmli bu ədəd hər bir telefon üçün fərdidir. IMEI-kodlar mikroprosessorun enerji təminatından asılı olmayan daimi yaddaşına xüsusi sistem proqram təminatı kimi yerləşdirilir və telefonun klaviaturası ilə *#06# yığmaqla onu ekrana çıxarmaq olur. Şəbəkə operatorları da rahatlıqla hansı SİM kartın hansı İMEİ kodlu telefona taxıldığını görə bilirlər. Bundan başqa, şəbəkə operatorları müəyyən İMEİ kodlu telefona hansı SİM kartların taxıldığının tarixçəsini də izləyə bilirlər. Və bu tarixçə telefon oğurluqları zamanı polisin işinə müəyyən qədər yarayır. Yəni telefonu oğurlanmış abunəçi polisə müraciət etdikdən sonra o, mobil rabitə operatoruna müraciət edərək, telefonun İMEİ kodunu öyrənir və daha sonra ölkədəki bütün mobil rabitə operatorlarına müraciət edərək həmin İMEİ kodlu telefonu izləməyi xahiş edir. Bunun nəticəsi çox olub və bir çox hallarda mobil telefon oğurluğunun üstü məhz bu yolla açılıb.
Lakin bu yetərli deyil və ANS PRESS-in araşdırmasına görə, polis tərəfindən üstü açılan telefon oğurluqları ümumi telefon oğurluqlarının 1%-ni belə təşkil etmir. Çox vaxt bu məsələ elə tərzdə aparılır ki, vətəndaşlar oğurluq telefonları ilə bağlı müraciət etdiklərinə görə sadəcə peşman olurlar. Məsələn, Yasamal rayonunda yaşayan 40 yaşlı bir qadın qızının itmiş telefonuna görə, oğurluq baş vermiş ərazinin polisinə müraciət edib, bütün məlumatlar və telefonun qutusuna qədər hər şey polis bölməsinə təhvil verilib. Aradan bir az keçdikdən sonra həmin qadının öz iş yerinə, oğlunun iş verinə və hətta qızının iş yerinə zəng edərək, “Siz oğurluq telefondan istifadə edirsiniz”, - deyə izahat istəyiblər. Hətta məhəllə polisi evə gələrək ailə başçısına “Sizin ailə üzvlərinizdə oğurluq telefon hardandır?” - deyə sorğu-sual edib. Məsələ sonra açılıb, sən demə, ana və qardaş da bir neçə dəfə SİM-kartlarını bacılarının telefonuna taxaraq danışıblar. Bu məlumatlar mobil rabitə şirkəti tərəfindən polis bölməsinə verilib, onlar da araşdıraraq həmin nömrələrin sahiblərinin yaşadığı ünvana görə ərazi polisinə ötürüblər. İşə aydınlıq gətiriləndə isə artıq gec olub və ailə telefon oğurluğu barədə arzu olunmaz “şöhrət” qazanıb. Nəticədə, 40 yaşlı qadın “30 manatlıq telefona görə el içində görk olduq”,- deyərək ərizəsini geri götürüb.
Bu kimi səbəblərdəndir ki, Azərbaycanda əhali xüsusilə də ucuz telefonların oğurlanması zamanı heç yerə müraciət etmir və bir də belə halla rastlaşmamaq üçün işini ehtiyatlı tutmağa çalışır. ANS PRESS-in araşdırmasına görə, hazırda ölkə üzrə ay ərzində 20 minə yaxın telefon satılır ki, bunun təxminən 12 mini tanınmış brendlərin rəsmi yollarla gətirdiyi və gömrükdən keçmiş təzə telefonlardır. Qalan 8 mini isə istifadədə olmuş və ya ölkəyə qaçaq yolla gətirilmiş telefonlar təşkil edir. Bazarı yaxşı bilən mənbələrin verdiyi məlumata görə, Azərbaycanda oğurlanan mobil telefonların bir hissəsi qeyri-rəsmi yollarla Rusiya və Qazaxıstan kimi oxşar durumun olduğu ölkələrə çıxarılır və “əvəzi” oralardan gətirilir. Yəni bu məsələdə bir cinayət mübadiləsi baş verir və hüquq-mühafizə orqanları, nə qədər istəsələr də, bunun qarşısını almağa qadir deyilər.Amma beynəlxalq aləmdə bu məsələni kökündən həll etməyə imkan verən təcrübə var ki, bu da məhz ІMEІ kodların mərkəzləşmiş qeydiyyatı sisteminin fəaliyyəti ilə bağlıdır. Türkiyədə sistem işə düşəndən sonra mobil telefon oğurluğu göstəricisi 90%-dən çox aşağı düşüb. Bu zaman telefon sahibinin ərazəsi ilə mobil rabitə operatorları bir neçə dəqiqənin içində itmiş və ya oğurlanmış telefonu şəbəkə xidmətlərindən aralayırlar. Və bütün itmiş və oğurlanmış telefonların ІMEІ kodları ümumi bir “qara siyahıya” salınır ki, onların gələcək istifadəsi və ya satılması mümkün olmur. Qeyd edək ki, Azərbaycanda da belə layihə gerçəkləşdirilir və bu ilin payızında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeçiliyində Mobil Qurğuların Qeydiyyatı Mərkəzi (MQQM) yardılacaq. Mərkəz 2009-cu ildən bu yana ölkəyə gətirilmiş və indi gətirilən telefon aparatları və GSM qurğuların IMEI-kodların siyahıya alacaq. Bu çərçivədə üç tipdə - “qara”, “boz” və “ağ” siyahı tutulacaq. “Ağ” siyahılara leqal yollarla alınaraq ölkəyə gətirilmiş qurğular aid olacaq. “Boz” siyahı isə reyestrə daxil edilməyən və mənşəyi şübhə yaradan mobil qurğuları əhatə edən aralıq siyahıdır. Yəni “boz” kateqoriyaya daxil olan aparatlar müəyyən yoxlamalardan sonra “ağ” siyahıya salına biləcək. İlkin ehtimallara görə, ölkə üzrə on milyona yaxın mobil telefon reyestrə salınacaq. Bu siyahıların oxşar reyestr olan başqa ölkələrin siyahıları ilə tutuşdurması da gözlənilir, yəni başqa ölkələrdə oğurlanmış və Azərbaycana gətirilərək satılmış telefonların da şəbəkədən çıxarılması da mümkündür. Yəni heç nə düşünmədən tam qanunvericilik yolu ilə mağazadan mobil telefon almış bir xeyli vətəndaşın mülkiyyət hüququ pozula bilər.ANS PRESS-in araşdırmasına görə, tətbiq edilmiəsinə çox az vaxt qalmasına baxmayaraq, bu məsələ həll olunmaz qalır və qanuni yolla mobil telefon almış insanlara belə hallarda dəyən zərərin kompensasiya mexanizmi hələ ki, aydın deyil. RİTN-dən bu məsələ barədə dəqiq bir söz demirlər. Sadəcə, müəyyən tarix götürülərək, ondan əvvəl adlınmış və işlədilən bütün telefonlara amnistiya tətbiq edilə biləcəyini mümkün sayırlar.Lakin "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz məsələyə bu cür yanaşmağı doğru saymır: “Avropada bununla bağlı işlənmiş qaydalar var və bizim qeydiyyat sistemi də ora inteqrasiya etməlidir. Həmin qaydalara görə, bir Avropa ölkəsində oğurlanmış telefon “qara siyahı”ya salınır və başqa ölkədə işlədilə bilməz. Biz də bu məsələdə Avropa ilə inteqrasiya etməliyik və onlarda oğurlanmış telefonları şəbəkəmizdə söndürməliyik ki, onlar da bizim telefonlarla bağlı eyni addımı atsınlar. Əks haldə, bizdən telefon oğurluğu dayanmaycaq və bizdən oğurlanmış telefonlar Avropa ölkələrinə aparılacaq. Mağazadan alınmış telefonu oğurluq çıxan vətəndaşlara kompensasiya yolları barədə isə düşünmək lazımdər. Onların hüquqları üzrə məhkəmə işi başlaya bilər və dəyən zərər oğurluq telefonu satmış adamın hesabına da ödənilə bilər. Dövlətin yardımı ilə başqa kompensasiya üsulları da mümkündür”,- deyə Osman Gündüz vurğulayır.