Stasionar telefonlarda dəqiqə hesabı ödənişlər tətbiq oluna bilər
22 Yanvar 2011 Şənbə 14:05
Rabitə və İnformasiya Texnologiyaları nazirliyi bu təklifi Tarif Şurasına təqdim etməyə hazırlaşır.
Azərbaycanda stasionar telefonlarda dəqiqə hesabı ödənişlər tətbiq oluna bilər. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, nazirlik bu təklifi Tarif Şurasına təqdim etməyə hazırlaşır.
Qeyd edək ki, adı çəkilən sistemə əsasən, stasionar telefonlardan istifadə haqqı, mobil telefonlarda olduğu formada, amma xeyli ucuz qiymətə, dəqiqə hesabı danışığa əsasən hesablanmalıdır.
"Təkliflərə əsasən, yeni sistem indiki sistemi dəyişmədən də tətbiq oluna bilər. Yəni bu məsələdə əhaliyə seçim təklif olunacaq. Məsələn, istifadəçi abunə haqlarından imtina edə bilər. Bu şərtlə çox cüzi qiymətlə vaxta görə ödənişə keçmək olar. Ola bilər ki, bu halda əhalinin çoxu ayda 1-1,5 manatdan çox xərcləməyəcək. Halbuki bu gün aylıq abunə haqqı 2 manatdır”.
Nazir əhaliyə bununla bağlı bir neçə tarif paketi təklif olunacağını bildirib. O, qeyd edib ki, hazırda nazirlik bununla bağlı Tarif Şurası ilə aktiv işləyir. “Biz təkliflər paketini onlarla müzakirə edirik. Tarif Şurası qiymətlərin artımına tələbkar yanaşdığına görə, biz onlara bir yox, bir neçə təklif verəcəyik”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: