“Star GSM”də keyfiyyətsiz mobil telefonlar aşkar olunub
21 Aprel 2010 Çərşənbə 10:45
Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.
Ölkədə ərzaq bazarı ilə yanaşı, qeyri-ərzaq məhsullarının satışında da kifayət sayda neqativ hallar müşahidə olunur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, mütəmadi olaraq aparılan monitorinqlər zamanı məişət cihazları, mebel, elektrik avadanlıqları, mobil telefonların satışı ilə bağlı xeyli sayda sertifikatı olmayan və keyfiyyət standartlarına cavab verməyən məhsullar aşkarlanır. Bu dəfə mobil telefon bazarında aparılan yoxlamalar bunu bir daha sübut edib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Fazil Talıblının sözlərinə görə, quruma daxil olan şikayətlərə əsasən “Star GSM” şirkətində yoxlama aparılıb, orada qanun pozuntuları aşkar olunub: “Sertifikat almaqdan yayınan bir neçə adda keyfiyyətsiz mobil telefon aşkar olunub. Həmin telefonların satışının qadağan olunması barədə obyekt rəhbəri qarşısında məsələ qaldırılıb. Bizdə olan məlumata görə, bu telefonlar Çində primitiv sexlərdə istehsal olunur və ölkəyə gətirilir”.

F. Talıblının sözlərinə görə, yola saldığımız qış mövsümündə isə bədbəxt hadisələrə səbəb olan 159 adda minlərlə mənşəyi məlum olmayan, keyfiyyətsiz qaz sobası satışdan çıxarılıb. Satışdakı məişət avadanlıqları içərisində də saxta məhsullara rast gəlinir: “Əməkdaşlarımız tərəfindən aparılan monitorinqdə “Maqnit” mağazalar şəbəkəsində kifayət sayda keyfiyyətsiz elektrik məişət avadanlıqları aşkar olunub və satışına qadağa qoyulub. Mebel müəssisələrində çoxlu belə məhsullar aşkarlanır”.

Ölkədə minlərlə istehsal və satış obyektlərinin mövcud olmasını vurğulayan komitə təmsilçisi bütün obyektlərə nəzarət etməyin qeyri-mümkünlüyünü bildirir. Odur ki, bu işdə həm vətəndaşların, həm də yerli icra strukturlarının köməyinə ehtiyac duyulur: “Vətəndaşlar bizimlə həmrəy olmalıdır. Bizim qaynar xəttə (449-99-59) zəng edib, qarşılaşdıqları problem barədə xəbər versələr, biz dərhal araşdırma aparıb, o məhsulların satışına qadağa qoyarıq”.

Onun sözlərinə görə, sertifikatı olmayan, keyfiyyətsiz məhsulları satışa çıxaran ticarət subyektlərinə öncə xəbərdarlıq edilir. Əgər bu hal təkrarlanırsa, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə edilir.

Qeyd edək ki, ölkə başçısının ciddi tapşırığından sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu sahədə nəzarəti daha da gücləndirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar