Rusiyada saytların qara siyahısı yaradılacaq
09 İyul 2012 Bazar Ertəsi 16:49
Reyestrə uşaq pornoqrafiyası, narkotiki, müharibəni təbliğ edən və s. saytlar daxil olacaq.
Rusiya Federasiyasının Dövlət Duması yayılması qadağan olan informasiyanı özündə birləşdirən domen və saytların vahid reyestrinin yaradılması haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib.
ANS PRESS-in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qanun layihəsi hökumətin səlahiyyətli orqanı tərəfindən çıxışı Rusiya ərazisində qadağan olan saytların reyestrinin aparılmasını nəzərdə tutur.
Reyestrə uşaq pornoqrafiyası, narkotik maddələrin təbliği, uşaqları özünəqəsdə sövq edən və s. saytlar daxil olacaq. Siyahıya həm orqan, həm də məhkəmə qərarı əsasında yeni saytlar əlavə oluna bilər.
Saytın siyahıya daxil edilməzdən əvvəl sayt sahibinin qeyri-qanuni kontentin aşkar edilməsi barədə xəbərdar edilməsi planlaşdırılır. Bir sutka ərzində sayt sahibi reaksiya verməsə və kontenti pozmasa, bunu hostinq-provayder etməli olacaq. Həm o tərəf, həm də bu tərəf bunu etməsə, bu halda sayt “qara siyahı”ya düşəcək.
Səlahiyyətli orqan internetdə müharibənin təbliğ edilməsi və ya millətlərarası ədavətin qızışdırılması kimi digər qeyri-qanuni kontenti də nəzarət altında saxlayacaq. Bu vəziyyətdə resurs reyestrə yalnız məhkəmənin qərarı əsasında daxil ediləcək.
İnternet sahəsinin əksər iştirakçıları əvvəllər kontentin mümkün filtrdən keçirilməsi ilə bağlı narahatlıqlarını bildirərək ictimai müzakirənin və qanun layihəsinin tamamlanmasının zəruriliyini bəyan ediblər.
DOSTLARINLA PAYLAŞ: