«Paramount Group» şirkəti Azərbaycanla bir yerdə SOFEX sərgisində təmsil olunub
13 May 2010 Cümə Axşamı 11:55
İordaniyanın paytaxtı Əmman şəhərində keçirilən SOFEX-2010 xüsusi əməliyyatlar sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) pavilyonunda Cənubi Afrika Respublikasının «Paramount Group» şirkətinin də stendi yer alıb.
APA-nın sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, MSN-nin stendi ilə yanaşı sərgilənən «Paramount Group» stendində bu şirkətin Azərbaycanla birgə istehsal etdiyi “Matador” və “Marauder” tipli minaya davamlı zirehli transportyorlar, həmçinin şirkətinin istehsalı olan digər texnikalar barədə məlumatlar yer alıb.

Sərgidə «Paramount Group» şirkətinin baş icraçısı Con Kreyk (John Craig) və şirkətin rəsmi nümayəndəsi Mayls Çambers (Miles Chambers) iştirak edib.

Azərbaycanın «Paramount Group» şirkəti ilə əməkdaşlığını yüksək qiymətləndirən müdafiə sənayesi naziri Yavər Camalov APA-ya açıqlamasında bildirib ki, artıq əməkdaşlığın real nəticələri mövcuddur: «Bağlanmış müqaviləyə əsasən, «Paramount Group» şirkətinin iştirakı ilə Bakıda 50 ədəd minaya davamlı transportyor yığılıb Müdafiə Nazirliyinə təhvil verilməlidir. Bu ilin sonuna qədər transportyorlardan 30-nu yığaraq təhvil vermək nəzərdə tutulur. Artıq müqavilə çərçivəsində 5 maşın yığılıb və hazırdır. Bu istiqamətdə öhdəlik yerinə yetirilib, heç bir gecikmə yoxdur. Hazırda həmin maşınların silahlandırılması istiqamətində işlər aparılır».

Y. Camalov zirehli transportyorların üzərindəki silahların sifarişçinin istəyinə uyğun montaj edildiyini vurğulayıb.

“Matador” və “Marauder”lərin test sınaqlarının uğurlu keçdiyini deyən nazirin sözlərinə görə, döyüş maşınlarının zirehi çox yüksək səviyyədə partlayışlardan qorunmanı təmin edir. Döyüş maşınları 17 kq trotil gücünə davamlıdır və partlayış zamanı yalnız təkərləri sıradan çıxır. Şəxsi heyət qəlpə təsirləri və partlayışın akustikasından yüksək səviyyədə qorunur.

Y. Camalov istehsal olunan döyüş maşınlarının bukletlərinin SOFEX-də sərgiləndiyini, bir sıra şirkətlər və ölkələr tərəfindən maraqla qarşılandığını qeyd edib. Nazir onu da vurğulayıb ki, gələcəkdə Azərbaycanın tələbatı ödəndikdən sonra, bu texnikaların ixracı məsələsinə də baxılması mümkündür. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar